"Ataları onlara ünvanlanan suallara..." - Uşaqlarda cinsi tərbiyə nə zaman başlamalıdır?

Dövrümüzün aktual məsələlərindən biri də uşaqlar arasında cinsi tərbiyənin formalaşdırılmasıdır. 3-5 yaş aralığında olan uşaqlar tərəfindən cinsi məlumatlar böyük maraqla qarşılanır. Uşaqların bir çoxu valideynlərinə “Mən necə doğuldum”, “Hardan gəldim” kimi suallar ünvanlayır. Valideynlər isə bu suallara cavab verməkdən qaçırlar.
Bəs bu nə dərəcədə düzgündür və uşaqlarda cinsi tərbiyə nə zaman başlamalıdır?
Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Fidan Nizamova bildirib ki, cinsi tərbiyə uşaq anadan olandan başlayır. Onun sözlərinə görə, uşağın bədəninə hər kəs toxunmamalıdır:
“Uşaq özünü dərk edəndən, ona, bədəninin hər kəsin toxuna biləcəyi obyekt olmadığını izah etmək lazımdır. Cinsi tərbiyə valideynlər tərəfindən yaş dövrünə uyğun verilməlidir. 3-5 yaş aralığındakı uşaqların verdiyi suallar cavablandırılmalı və cavablar uşağın anlaya biləyəcəyi anlaşıqlı dildə və yaşına uyğun verilməlidir. Qız uşaqlarının ataları onlara ünvanlanan suallara “get anandan soruş” deyə cavab verməməlidir”.
Psixoloq diqqətə çatdırıb ki, uşaqlıq dövründə sağlıqlı keçirilən cinsi tərbiyə yetişkinlik dövründə sağlam cinsi həyatın təməlini qoyur. “Yeniyetməlik dövründə cinsi tərbiyə daha da çətindir. Valideynlər bu barədə uşaqlarını məlumatlandırmaqdan utanmamalıdır. Əks halda, uşaqlar müəyyən bir zaman sonra bu barədə gizli yollarla məlumat əldə etməyə çalışacaqlar. Bu daözlüyündə cinsi tərbiyəni zədələyə bilər”.
Ülkər Abdurahmanlı