Sənət dostları Aygün Bəylər barədə: "Bu gün bizim tut ağacımız məhv oldu...”

Xəbər verdiyimiz kimi, Azərbaycanın Əməkdar artisti Aygün Bəylərlə (Hümmətova) vida mərasimi baş tutub.
Sfera.az xəbər verir ki, Bakının Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Evində təşkil olunan vida mərasiminə mərhumun ailə üzvləri, Mədəniyyət Nazirliyinin rəsmiləri ilə yanaşı sənət adamları da qatılıblar.
Dostlarını son mənzilə yola salan sənət nümayəndələri Aygün Bəylər haqqında xatirələrini bölüşüb.
Xalq artisti Brilliant Dadaşovanın xatirəsində Aygün xanım istedadı və səsi ilə yadda qalıb:
“Onu proqramıma dəvət etmişdim, ondan sonra danışmamışıq. Aygün Səmədzadənin konsertində də orda imiş, amma görə bilmədim. Həyatdan şirin nə var ki, dünyada? O da həyatını itirib. Ailəsinə səbr diləyirəm”.
Xalq artisti, xanəndə Mənsum İbrahimov isə bildirdi ki, mərhumun hələ görəcək işləri var idi:
"Sənətimiz üçün böyük itkidir. Adam nə deyəcəyini bilmir. Onun ölüm vaxtı deyildi, hələ yaradıcılığı irəlidə idi. Çox unikal, özünəməxsus və dəyərli sənətkar idi. Belə böyük sənətkarı itirmək mədəniyyətimiz üçün çox ağır oldu. Millətimizin başı sağ olsun. Allah rəhmət eləsin. Məkanı cənnət olsun. Gözəl ifaları ilə həmişə xalqımızın qəlbində yaşayacaq”.
Əməkdar artist Elza Seyidcahan Aygün xanımı hələ 1995-ci ildən tanıdığını deyib:
“O vaxtlar hələ balaca qızcığaz idi. Həm nağara və piano çalır, həm də oxuyurdu. Ölümü gözlənilməz oldu. Onun bir balası qaldı, Allah hər zaman onu öz qanadının altına alsın. Biz də ən azından bundan sonra özümüzə təsəlli taparıq ki, özünə oxşayan övladını əmanət qoyub getdi.Mənim yaradıcılığımı çox sevirdi. Məni görəndə bir kiçik bacı kimi həmişə qarşıma gələrdi. Dünəndən anam da özünə gələ bilmir. Bacılarına, ailəsinə, əzizlərinə, ona doğma olan hər kəsə başsağlığı verirəm. Allah sənətkarlarımıza rəhmət eləsin.Dövlətimizə də təşəkkür edirəm ki, qayğısına qaldılar, müalicəyə göndərdilər, konsertini təşkil etdilər, əsas da yaşatmağa çalışdılar. Təəssüf ki, olmadı".
Əməkdar artist Bəhram Bağırzadə isə danışmaqda çətinlik çəkirdi. O, mərhumla bağlı sözlərini deyərkən gözyaşlarını saxlaya bilmədi:
"Bəziləri üçün Əməkdar artist, bəziləri üçün Xalq artisti, mənim üçün isə qeyrətli və namuslu şəxsiyyət getdi. Allah rəhmət eləsin. Bu gün bizim tut ağacımız məhv oldu”.
Müğənni Elnarə Xəlilova da Azərbaycan mədəniyyətinə başsağlığı verib:
“Çox istəyərdim ki, Aygün xanımın ən çox yaxşı günündə kamera və mikrafonlar toplaşardı. Təəssüf ki, bu gün biz onu son mənzilə yola salanda buradayıq. Olsun. Yenə də birlik göstəririk. Azərbaycan mədəniyyətinin başı sağ olsun. Bu gün Azərbaycan mədəniyyətinə çox böyük və ağır itki üz verib. Lakin o, ölməyib, həmişə yaşayacaq, çünki o, bu xalqın artistidir. Allah rəhmət eləsin”.
Müğənni Nigar Camal bildirdi ki, Aygün Bəylərin ən böyük arzusu Şuşaya getmək idi:
“Nə deyə bilərəm... Böyük itkidir. Aygün xanımla son dəfə dekabrın 30-u danışmışdıq. Konsertindən sonra Türkiyəyə yola düşürdü. Ən böyük arzusu yenə də Şuşa şəhərinə getmək idi. Danışdıq. Dedi ki, hər şey yaxşı olsa, Şuşaya gedəcək. Çox təəssüf ki, belə oldu. Allah rəhmət etsin. Danışmaq çox çətindir".
Əməkdar artist Lalə Məmmədova Aygün xanım haqqında fikirlərini şair Rüstəm Behrudindən stat gətirərək ifadə edib:
“Çox çətindir. Ağlıma gəlməzdi ki, günün birində Aygünlə vidalaşmağa gələcəyəm. Biz gedən səs üçün yox, susan səs üçün pis oluruq. Aygün həmişə bizim qəlbimizdədir, yaşayacaq. Rüstəm Behrudinin çox gözəl bir sözü var. Şair deyir ki, yer üzündə bizi xatırlayacaq ən son insan bu dünyadan köçəndə, biz də köçəcəyik. Aygün, nə qədər ki, Azərbaycan xalqı var, sən hər zaman yaşayacaqsan! Allah sənə rəhmət eləsin”.
Əməkdar artist, xanəndə Təyyar Bayramov qeyd edib ki, Aygün xanım kimi ürəkli sənətkar hər dəqiqə Azərbaycana bəxş olunmur:
“O uşaqlıqdan musiqi alətlərində ifa etməyi bacarırdı. Sənətimiz üçün böyük itkidir. Millətimizin başı sağ olsun”.
Xanəndə Mirələm Mirələmov Azərbaycan musiqisinə böyük itki baş verdiyini dilə gətirib:
“Çox gözəl münasibətimiz var idi. Musiqimizə çox ağır itki baş verdi. Hələ onun milli musiqimizə, mədəniyyətimizə çox töfhələri ola bilərdi. Allah rəhmət eləsin. Ruhu şad olsun”.
Firuzə Əliyeva