İnternet üzərindən yayımlanan xarici telekanallar qapadılır? - AÇIQLAMA

İnternet üzərindən yayımlanan xarici telekanallar qapadılır? - AÇIQLAMA

“Gələn ildən ölkəmizdə qanunsuz yayımlanan “Netflix” kimi video xidmətlərin qapadılması gündəmə gələcək”.

 

Bunu Sfera.az-a açıqlamasında Azərbaycan İnternet Formunun rəhbəri Osman Gündüz deyib.

 

Mütəxəssis bildirib ki, bir neçə gündür, internet üzərindən yayım göstərən qanunsuz, yəni lisenziya almayan TV xidmətlərlə bağlı yazılara rast gəlir:

 

“Hiss olunur ki, bu tip yazılar bir mənbədəndir və məqsədyönlüdür. Güman ki, söhbət "Netflix", "Megogo", "Oll.tv", "İlook TV", "Vimeo" və s. bu kimi video xidmət platformalarından gedir. Açıqlamalarda onların reklam bazarımıza sahib çıxması, vergi ödəyicisi olmaması kimi iddialar səsləndirilir”.

 

O.Gündüz qeyd edib ki, rayonlarda keyfiyyətli internet istifadəçiləri artdıqca internet üzərindən bu tip TV xidmət alanların da sayı kəskin artır:

 

“Ümumiyyətlə, hazırda ölkəmizdə qanunsuz yayımlanan video xidmətlərin, xarici İP və OTT platformların istifadəçilərinin sayının 300 mindən artıq olduğu bildirilir. Düşünmək olar ki, gələn ildən onların bəzilərinin ölkəmizdə qapadılması gündəmə gələcək. Yaxud da bu video xidmət platformaları Azərbaycanda yayım üçün lisenziya almalı olacaq.Əlbəttə, bu tip platformalar içərisində 1-2 manat abunə haqqı alıb TV xidmət göstərənlər də var. Hansı ki, qapadılma ilə bağlı nəinki iqtisadi əsaslar, hətta milli maraqlarımıza zidd olan məqamlar da tapmaq mümkündür”.

 

Ekspert sonda vurğulayıb ki, ölkəmizdə yayımlanan, informasiya təhlükəsizliyimiz üçün təhdid yaradan kanallar da var:

 

“Rusiyanın da belə resursları çoxdur. Amma burada elə platformalar var ki, ciddi araşdırma aparmadan, ciddi əsaslar olmadan onların qapadılmasının belə gündəmə gətirilməsi doğru olmazdı. Ümid edirəm aidiyyatı qurumlar, RİNN, Audiovizual Şura bu istiqamətdə maraqlı tərəfləri cəlb etməklə ictimai müzakirələr təşkil edəcək”.

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR