Media əhli Trampdan nə gözləyir?
Amerikada keçirilən seçkilərin nəticələrinə dair media nümayəndələri sfera.az saytına açıqlama veriblər. İlkin olaraq qaynarinfo.az saytının baş redaktoru Zahir Əzəmət açıqlama verib.

"Məncə Trampın Amerika prezidenti seçilməsi Azərbaycanın bütün problemlərini, ələlxüsus da, son günlər yumurtanın bahalaşmağa meyilli olması sindromunu biryolluq həll edəcək. Xaraktercə çılğın, mahiyyət etibarı ilə şöhrətə düşkün olması ilə Tramp azərbaycanlılara çox bənzəyir. Bəlkə də dərinə getsək və yaxud, belə məsələlərdə çox usta olan Elmlər Akademiyamız dərin araşdırmalar aparsa, məlum olacaq ki, Tramp əslən azərbaycanlıdır (Tanrı Türkü qorusun). Onun biznesə və alverə məxsusi sevgisi də genetik bağlılığımızı isbatlaya biləcək əsaslı faktorlardan biridir. Hesab edirəm ki, Trampın ABŞ prezidenti seçilməsi öz ölkəsindən daha çox Azərbaycana xeyir verəcək. Allah onun ziyasını üstümüzdən əskik eləməsin. Amin.”

Yeniçağ.az saytının baş redaktoru Aqil Ələsgər öz açıqlamasında bildirib ki, demokratik cəmiyyətlərdə xalqlar tərəfindən hətta media basqısı belə qəbul edilmir. Amerika cəmiyyət olaraq demokratik dəyərlərin xalq səviyyəsində qəbul olunduğu bir ölkədir və bu xalqa istər bürokratik, istərsə də media vasitəsilə təzyiq göstərilməsi çətin məsələdir, xalq bu məsələdə yönləndirilmə hiss edən kimi ona qarşı çıxır.Təkcə Amerikada deyil bir çox digər demokratik ölkələrdə biz bunu müşahidə edirik. Tramp əleyhinə kompaniya apararaq onu vurmaq istədilər, amma bu Klintonun məğlubiyyətinə gətirib çıxardı. Azərbaycandakı əksər siyasətlə maraqlananlar Klintonun seçilməsinin tərəfdarı idilər. Mən isə əksinə Klintonun seçilməsinin tərəfdarı deyildim. Ölkəmizdəki Fetoçular Klintona ümid işığı kimi baxırdılar. Şükür Allaha ki, bu baş tutmadı. Tramp kifayət qədər ağıllı bir iş adamıdır və baxın, ölkəmizdəki 120 manat maaş alan adamlar ona dəli kimi baxırlar, halbuki bu adam sıfırdan biznes imperatorluğu yaradıb. Tramp büdcəni məxməri inqilablar yaratmağa sərf etməyəcək qədər realist adamdır. Bu baxımdan onun seçilməsi ölkəmizdə həm müxalifət, həm də iqtidardakı bəzi qrantyeyənlərin kefini pozur. O Amerika büdcəsini boş-boş layihələrə dağıtmayacaq, istər Türkiyə, istərsə də Rusiya ilə münasibətlərdə daha realist addımlar atacaq. Bizim ölkənin həmişə Respublikaçılarla münasibəti yaxşı olub.

7news.az saytının baş redaktoru Səbuhi Abbasov isə qeyd edib ki, Amerika cəmiyyəti bütün seçkilərdə surprizlər axtarışında olub. Mən Azərbaycanda Trampın qələbəsi proqnozunu verən azsaylı media nümayəndələrindənəm. Amerikalılar Klinton strategiyasından sadəcə olaraq "doyublar". Tramp isə surprizlərlə dolu bir namizəddir. Nəinki amerikalılar üçün, hətta deyərdim ki, dünya üçün onun seçilməsi inanılmaz oldu. Ancaq buna baxmayaraq prezidentin kimliyindən asılı olmayaraq ABŞ-ın öz strateji siyasi kursu var. O kursdan çox cuzi formada yayınmaq olar. Lakin burda əsas məqam həm də erməni lobbisinin uduzması ilə bağlıdır. Erməni lobbisi qəti şəkildə Klintonun qalibiyyətinə maya qoymuşdular. Bu mənada Trampın seçilməsi, nəticədə Azərbaycan üçün pozitiv imkanlar açacağına inanıram.

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov da öz fikirlərini bildirib: "Təbii ki, bizim üçün ilk növbədə Donald Trampın dövründə ABŞ-ın yürüdəcəyi xarici siyasət maraq doğurur. Xüsusilə də o siyasətin dolayısı ilə Azərbaycana toxuna biləcək tərəfləri: Yəni ABŞ-Rusiya, ABŞ-İran, ABŞ-Türkiyə münasibətləri, neftin qiymətləri və dolların kursu. Qısaca desəm, ABŞ-İran münasibətlərinin yenidən gərginləşəcəyini gözləyirəm. Tramp və ümumiyyətlə onun təmsil etdiyi respublikaçılar İranla sərt davranılmasını istəyirlər və sanksiyaların ləğvinin əleyhinədirlər. Ola bilər ki, İran-ABŞ münasibətləri Corc Buşun vaxtındakı vəziyyətə qədər gərginləşsin. Rusiya ilə münasibətlər yəqin ki, sabit olmayacaq - gah gərginləşəcək, gah da yumşalacaq. Trampın kursunda Moskvanı həm razı salan, həm də ciddi qıcıqlandıran məqamlara rast gələcəyik. Məsələn, ABŞ-ın yeni prezidentinin NATO-ya münasibəti Moskvanı məmnun edə bilər, Yaxın Şərqdəki xətti isə əksinə... Eyni zamanda, Trampın yürüdəcəyi nisbətən aqressiv xarici siyasətin neftin qiymətini bahalaşdırması mümkündür. İran və Yaxın Şərq xətlərindəki gərginlik istər-istəməz buna xidmət edəcək. İdxalın azalmasını istəyən və sərbəst ticarət zonalarına qarşı çıxan Trampın dövründə, ola bilər ki, dolların kursu da bir qədər zəifləsin.”






