"Oğlum üçün çadır qurub, şənlik edəcəyəm" - Erməni əsirliyindən azad ediləcək hərbçimizin anası

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Azərbaycan və Ermənistan arasında hərbi qulluqçuların qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub. Razılığa əsasən, hazırda Ermənistanın əsir kimi saxladığı azərbaycanlı hərbçilər – Bəbirov Aqşinlə Axundov Hüseyn azad ediləcək.
Bəs hərbçilərimizin ailəsi onları qarşılamağa necə hazırlaşır?
Sfera.az məsələ ilə bağlı hərbçilərimizin ailəsi ilə əlaqə saxlayıb.
Hüseynin anası Şəlalə xanım saytımıza bildirdi ki, Axundovlar ailəsi sevinc içindədir. Hüseyni qarşılamağa şanlı Bayrağımızla gedəcəklər:
“Övladımı “super” formada qarşılamaq istəyirəm. Bacısı, digər oğlum və , dostları onu qarşılamağa hazırlaşırlar. Bayraqlarımızla önünə getməyə hazırlaşırıq. Sevincimin həddi-hüdudu yoxdur”.
Bəbirovlar ailəsində də durum eynidir. Aqşin Bəbirovun anası Dürdanə Bəbirova sevincindən yerə-göyə sığmadığını deyərək, bu sevinci onlara yaşadan Prezident, Ali Baş Komandan İlham Əliyevə dərin təşəkkürünü bildirdi:
“Sevincdən nə yerdəyəm, nə də göydə... Balam gecə yuxuma girib. Yuxuda gördüm ki, üstümə qaçır, məni möhkəm qucaqlayır. Doyunca yuxuda öpmüşəm onu... Bu günümüzə min şükür edirəm. Cənab Prezidentə çox təşəkkür edirəm. Hər sözümün başında da, sonunda da o dahi şəxsiyyətdir. Bu sevinci biz analara yaşatdığına görə ona nə qədər təşəkkür etsəm, azdır. Sanki övladımı dünyaya yenidən gətirmişəm. Oğlum üçün çadır qurub, şənlik edəcəyəm. Bayraqlarla, maşınlarla startda dayanmışıq”.
Orxan