5 G-yə keçid - Dövlət bu qurumlara kompensasiya ödəyəcək

5 G-yə keçid - Dövlət bu qurumlara kompensasiya ödəyəcək

“Hökumət 5G -yə keçidi sürətləndirmək üçün ATV+ və digər qurumlara kompensasiya ödəyəcək”.

 

Bunu Sfera.az-a açıqlamasında Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib.

 

O.Gündüz bildirib ki, hökumət bu məsələdə çox gecikdiyimizin fərqindədir:

 

“Artıq məlumat verilib ki, uzun müddət ATV+ tərəfindən istifadə edilən və 5G üçün yararlı olan 694-790 MHs radiotezlik zolağı mobil telekommunikasiya xidmətləri üçün ayrılacaq. Nazir Rəşad Nəbiyevin sədrlik etdiyi Radiotezliklər üzrə Dövlət Komissiyası bu tezliklərin ATV Plus-dan alınmasına qərar verib. Bu tezliyin əvvəlki sahibləri də buna razılıq veriblər. Güman ki, bununla bağlı bu tezliklərin əvvəlki istifadəçilərinə qanunvericilikdə nəzərdə tutulan kompensasiya da ödəniləcək. Çünki bu qurumlar öz şəbəkələrini tamamilə ayrı bir yeni tezlik resursunda və ona uyğun olan da texnologiyalar üzərində sıfırdan quracaqlar.

 

Düşünürəm ki, biz bu məsələlərdə xeyli gecikmişik, bu baxımdan RİNN-nin, DRİ və İKTA-nın, həmçinin Audiovizual Şuranın bu istiqamətdəki səyləri təqdirə layiqdir”.

 

Forum prezidenti qeyd edib ki, 5G tezliyinin bizim mobil operatorlara necə işləyəcəyi barədə isə hələ məlumat verilməyib:

 

“Xatırladıram ki, Qazaxıstan, Ermənistan , Gürcüstan və digər qonşu ölkələrdə artıq 5G şəbəkələri qurulub, qurulmaqda olanlar və fəaliyyətə başlayanlar var. Adını çəkdiyim ölkələrdən birisinin iki mobil operatoru birləşərək bu tezlik resursu üçün 120 milyon dollar ödəniş ediblər. Yeri gəlmişkən, hələlik hökumət 5G tezliyinin bizim mobil operatorlara hansı qaydada veriləcəyini, ödənişin hansı məbləğdə olacağını açıqlamayıb”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR