Dörd illik fasilədən sonra Şamaxıda Üzüm və Şərab Festivalı keçirildi - FOTOLAR

Dörd illik fasilədən sonra Şamaxıda Üzüm və Şərab Festivalı keçirildi - FOTOLAR

4 ildən sonra Şamaxıda İkinci Üzüm və Şərab Festivalı keçirilib.

 

Sfera.az bildirir ki, tədbir Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub.

 

25-26 noyabr tarixlərində keçirilən festivalda 20-yə yaxın yerli şərab istehsalçısının müxtəlif növdə və çeşiddə olan şərablar nümayiş etdirilib, dequstasiya imkanı yaradılıb.

 

 

Festivalda 2 gün boyunca müxtəlif əyləncəli-musiqili proqramlar təşkil olunub. Qeyd edilib ki, festival yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasını hədəfləyib.

 

Həmçinin tədbirdə uzun illərdən sonra ilk dəfə olaraq Qarabağda - Tuğda yetişdirilən, Azərbaycanın ən qədim yerli texniki üzüm sortu hesab olunan “Xındoqnı” üzüm sortundan alınan yüksək keyfiyyətli qırmızı süfrə şərablarının təqdimatı da baş tutub.

 

 

Bildirilib ki, hazırda ölkəmizdə yerli üzüm sortları ilə yanaşı, dünya miqyasında tanınan üzüm sortları yetişdirilir: “Ökəmizdə Gəncə-Qazax, Qarabağ, Şirvan və Qafqaz dağətəyi, Abşeron və Lənkəran-Astara bölgəsində üzümçülüyün tarixən inkişafı şərabçlığın da inkişafına təkan verib”.

 

Qeyd edək ki, Dövlət Turizm Agentliyi tərəfindən ölkəmizin qədim üzümçülük və şərabçılıq ənənələrinin tanıdılması, şərabçılıq turizminin inkişaf etdirilməsi və şərabçılıq turizm marşrutlarının yaradılması üzrə tanıtım və təbliğat tədbirləri həyata keçirilir.

 

Bütövlükdə Dövlət Turizm Agentliyi tərəfindən bu cür tematik festivalların keçirilməsi və turizm məhsulu kimi inkişaf etdirilməsi məqam diqqət mərkəzində saxlanılır.

 

Xatırladaq ki, Üzüm və Şərab Festivalı ilk dəfə 2019-cu ildə keçirilib.

 

Günay


OXŞAR XƏBƏRLƏR