Tanınmış alimi maşınla vuran Azər Maqsudov imiş - TƏFƏRRÜAT
Bakıda tanınmış alim Arif Acaloğlunun ölümü ilə nəticələnən yol qəzasının detalları bəlli olub.
Kliniki Tibbi Mərkəzdən Sfera.az-a verilən məlumata görə, dünən saat 23 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Azər Spartak oğlu Maqsudov idarə etdiyi “Mercedes” markalı avtomobillə qəza törədib.
Qeyd olunub ki, qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. Hadisədən dərhal sonra A. Maqsudov A.Acaloğlunu Sabunçu rayon mərkəzi xəstəxanasına aparıb.
Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
“İstintaq tədbirləri nəticəsində A. Maqsudovun spirtli içki qəbul etməsi və narkotik vasitədən istifadə etməsini araşdırmaq üçün narkoloji dispanserdə müayinədən keçirilib. Onun bu kimi maddələrdən istifadə etmədiyi məlum olub”, deyə məlumatda bildirilib.
Qeyd edək ki, avtomobili idarə edən Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir.
Günay