Böhran dönəmində Azərbaycandan ümidverici xəbər!
Daha öncə “Hara Gedək” proqramı ilə səs salan gənc mütəxəssis Cəfər Nəcəfov bu dəfə qlobal konsepti etibarilə Azərbaycanın səsini dünyaya eşitdirəcək daha bir proqram yaradıb. Ölkənin qeyri-neft sektorunun gəlirlərini artıracağı gözlənilən proqram “Shrippy” adlanır.
Publika.az Cəfər Nəcəfovdan etdiyi yeniliklə bağlı məlumat alıb:
- Belə bir proqramı yaratmaq fikri ağlınıza haradan gəldi?
- Gələcək mobil proqramlardadır. Biz də Azərbaycan gəncləri olaraq ölkənin qeyri-neft sektorunun gəlirlərini artıracaq layihələrə konsentrasiya olduq. Nəinki Azərbaycanda, dünyada da “Shrippy” kimi proqram yoxdur. Bu ilkdir. Biz gördük ki, “Facebook” və ya “İnstagram” kimi sosial şəbəkələrdə insanlar yeni aldıqları məhsulları, geyimləri və ya aksessuarları paylaşmaqda maraqlıdırlar. Ancaq çox vaxt onların paylaşdıqları arxa planda qalır, heç kim geyimin və ya məhsulun brendinə nəzər yetirmir. Hətta “mübarəkdir”, deyə şərh yazan da olmur.
Layihə əslində şərikim Ersin Al ilə “qadınlar niyə brilyant üzük taxmaq istəyirlər?” mövzusunda etdiyimiz müzakirə zamanı ortaya çıxdı. Bu suala bir çox fərqli cavab verilə bilər. Amma “Shrippy”nin qurucuları olaraq biz düşünürük ki, qadınların əsas məqsədi brilyant üzüyə sahib olduqlarını ətrafdakılara göstərməkdir. Mövzuya geniş pəncərədən baxaraq bu sahədəki boşluğu doldurmaq üçün alış-veriş paylaşımlarının edildiyi sosial şəbəkəni, yəni “Shrippy”ni yaratdıq.
- Layihədə sizinlə yanaşı başqa kimlərin əməyi var?
- “Shrippy” üzərində daha öncəki layihələrində milyon dollar səviyyəsində investisiya əldə edən türkiyəli şərikim Ersin Al ilə birgə işləmişik. Proqramın hazırkı vəziyyətə gətirilməsi 1 il vaxtımızı alıb. Hal-hazırda 18 nəfərlik komandamız var. Komandamızın bir qismini ADA və Bakı Dövlət Universitetinin tələbələrindən təşkil etmişik.
- “Shrippy” proqramının “Facebook”, “İnstagram” qədər populyarlaşacağını gözləyirsinizmi?
- Bu günə qədər onlar yaratdı, biz istifadə etdik. Artıq biz yaradırıq və onların istifadə etmə zamanı gəldi. Biz yola məhz bu prinsiplə çıxmışıq. “Shrippy” Azərbaycanda inkişaf etdiriləcək, daha sonra bütün dünyaya açılacaq. Bu proqram uğurlu olacağı təqdirdə dəyəri milyard dollarlarla hesablanacaq və eynilə facebookda olduğu kimi reklam kampaniyalardan gələn gəlir axınının Amerikaya getdiyi kimi “Shrippy”-nində reklam kampaniyalarının gəliri də Azərbaycana gələcək. Sözsüz ki, bu hələ bizim üçün bir xəyal kimi görünür və bu bazarda uğur qazanmaq üçün yüksək məbləğdə investisiyalara ehtiyac var. Türkiyədən olan şərikim Ersin Al daha öncə milyon dollar səviyyələrində investisiya almış və bu sahədə olan təcrübəsi sayəsində proqramın uğurlu olacağına inanırıq.
- Qlobal konseptdəki bu layihənizdə Azərbaycandakı planlarınız nədir?
- “Shrippy” layihəsi 2 gün öncə “App Store” və “Play Store”-da və yalnız Azərbaycan bazarında istifadəyə verildi. Azərbaycanda kifayət qədər maraqla qarşılandığını deyə bilərik. 3 ay sonra qlobal bazara açılış etməyi düşünürük və bu müddət ərzində Azərbaycanlı istifadəçilərin fikirlərini toplayaraq proqramı daha da inkişaf etdirməyi planlayırıq. Bu müddət ərzində Azərbaycanlı istifadəçilərin fikirləri bizim üçün çox önəm daşıyır.
Bu günə qədər onlar yaratdı, biz istifadə etdik. Artıq biz yaradırıq və onların istifadə etmə zamanı gəldi.






