Əhalinin xərcləri şəhərlərdə kəndlərdən çox olur – RƏQƏMLƏR

Əhalinin xərcləri şəhərlərdə kəndlərdən çox olur – RƏQƏMLƏR

Ev təsərrüfatlarının tədqiqinə dair məlumatlardan görünür ki, Azərbaycan əhalisinin şəhər yerlərində xərcləri kənd yerləri ilə müqayisədə yüksək olur.

 

Sfera.az xəbər verir ki, bir nəfərin aylıq xərci kənd yerlərində 321 manat olduğu halda, şəhər yerlərində 352 manat təşkil edib. Müqayisədən belə aydın olur ki, şəhərdə yaşayan bir nəfərin aylıq xərci 31 manat, dörd nəfərlik bir ailənin xərci isə 124 manat çoxdur. Xərclərin tərkibinə baxanda görürük ki, bütün istiqamətlər üzrə əhalinin xərcləri şəhərdə kəndlərlə müqayisədə çox olur. Ən çox pul qida məhsullarına gedir.

 

Qida məhsullarına adambaşına şəhərlərdə 155 manat, kəndlərdə 150 manat xərclənir. Adambaşına düşən kommunal xərclər şəhərlərdə 28,5 manat, kəndlərdə 27 manat, ev əşyaları, məişət texnikası və evə gündəlik qulluq xərcləri şəhərlərdə 26 manat, kəndlərdə 23 manat, nəqliyyat xərcləri şəhərlərdə 23 manat, kəndlərdə 20 manat təşkil edib. Şəhərlərdə əhalinin daha çox pul xərcləməsi gəlirin yüksək olması ilə bağlıdır.

 

Açıqlanan rəsmi məlumatlara əsasən, ailələrdə adambaşına düşən gəlir şəhər yerlərində kənd yerlərinə nisbətən xeyli yüksəkdir. Kəndlərdə adambaşına 319 manat gəlir əldə edildiyi halda, şəhər yerlərində əldə edilən gəlir 347 manat olub. Gəlirin yüksək olması şəhərlərdə yaşayanlara daha çox pul xərcləməyə imkan verir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR