"DSMF pensiya hesablarından pulun silinməsinə reaksiya verməlidir" - Osman Gündüz

Bir neçə gündür ki, sosial mediada vətəndaşların pensiya hesablarına müdaxilə və oradan vəsaitlərin oğurlanması ilə bağlı yazışmalar yayılıb.Zərərçəkən bu barədə ƏƏSMN qurumları ilə əlaqə saxlandığını, problemin həll olunduğunu, onların isə baş verənlərin texniki problem olmasını bildirdiklərini açıqlayıb.

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib ki, bu çox ciddi, ağlasığmaz bir haldır:


“Necə yəni texniki problem?

 

Dövlətin dataları ciddi qorunur, audit olunur, kənar müdaxilələrin izi qalır, dövlət datalarına, fərdi məlumatlara nəzarət edən dövlət qurumları var. Mən bildiyim qədər, bu sistemlərə giriş gücləndirilmiş imzalarla baş tutur. Xatırladıram ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) informasiya sistemləri sektorda ən öndə gedən və ciddi uğurları olan DOST İnnovasiya Mərkəzinin nəzarətindədir.

 

Bütün məlumatların Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Dövlət Vergi Xidmətinə (DVX) göndərilməsi işəgötürənin gücləndirilmiş imzaları vasitəsilə mümkündür. Hesabatlar, dəqiqləşmələr hamısı bu formada reallaşdırılır. Emal prosesi isə bu qurumların informasiya sistemlərində baş verir.Vətəndaşlara məxsus vəsaitlərin dövlətə məxsus bazalardan oğurlanması haqqında məlumatların özü aydın səmada göy gurultusu olmalıdır.

 

Doğrudanmı deyilənlər doğrudur, kənar müdaxilə olubmu? Burada insan amili rol oynayıbmı?


Dövlət qurumları dərhal buna reaksiya verməli, ciddi açıqlamalar, izahatlar olmalıdır. Məsul şəxslərdən hesabat sorğulanmalı, məsuliyyət tələb olunmalıdır”.

 

O.Gündüz əsas ittihamların DSMF-ye qarşı olduğunu da vurğulayıb:

 

“Dağ boyda DSMF-nin bazasına müdaxilədən söhbət gedir, konkret adlar var, pensiya hesablarından böyük məbləğlərdə pulların silinməsi , bunun texniki problemlər olmasının müzakirəsi gedir, amma qurumdan açıqlama yoxdur. Bu, yolverilməzdir.

 

DSMF, ƏƏSMN, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) - bu qurumlar hamısı baş verənlərlə bağlı maraqlı tərəflərdir. Hər biri öz səlahiyyətləri çərçivəsində reaksiya verməlidir. Ortada ciddi ittihamlar var.Əsas ittiham da DSMF-yə qarşıdır.

 

Ümid edirəm, DSMF və digər qurumlar baş verənlər və onun səbəbləri haqqında rəsmi açıqlamalar verəcəklər. İnanmaq istərdim ki, dövlətə məxsus datalara hansısa kənar müdaxilə olmayıb, "insan amili" rol oynamayıb”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR