Sumqayıt rəhbərliyi xəstəlik yayır-SOS
Sumqayıt şəhər İcra Hakimiyyəti parklarda sağlamlığa ziyan verən metal oturacaqların olmasını etiraf etmir; Amma fakt göz qabağındadır...
Bu barədə Politika.Az-a göndərilən şikayət məktubunda qeyd olunub.
Bu yaxınlarda bir çox mətbu orqanlarda Heydər Parkında, eləcə də təzə açılan Sumqayıt Bulvarında sağlamlığa ziyan olan bütöv metal materialdan olan 500-ə yaxın oturacaqlar haqqında ictimai əhəmiyyət kəsb edən yazılar getdi.
Sumqayıt sakinlərinin şikayəti əsasında işıqlanan bu mövzuda həmin oturacaqların insan sağlamlığına fəsadlar törədəcəyindən bəhs edilirdi. Hətta bir sıra mətbu orqanlarda bildirilir ki, Sumqayıt sakinləri parka öz döşəkçələri ilə gedirlər.
Sumqayıt icra hakimiyyəti qaldırılan bu problemlə bağlı nəinki bir tədbir görməyib, həmin oturacaqları dəyişməyib, hətta Sumqayıt İH-nin sözçüsü Eyvaz Qocayev deyib ki, məlumat həqiqətə uyğun deyil.
Şikayətdə çox aydın şəkildə bildirilir ki, son zamanlar Sumqayıtda abadlıq işləri görülüb və bunu etiraf etmək lazımdır, danmaq olmaz. Ancaq söhbət bütün oturacaqlardan yox, məhz yazıda şəkli göstərilən skamyalardan gedir. Parklardakı taxta və ya metal olmayan skamyalar çoxluq təşkil edir.
İH-nin nümayəndələri onların məhz hansı materialdan hazırlandığını unutduqlarından, adını deyə bilməyiblər. Ümumiyyətlə necə ola bilər ki, nəyəsə milyonlarla vəsait ayrılsın, amma onun nə materialdan olması öyrənilməsin?!
Həmin skameykaların metal materialından və ya metal qarışığından hazırlanmasını müəyyən etməkdən ötəri labarotoriyada ekspertiza üçün ondan analiz götürməyə ehtiyac yoxdur. Özü də onun metal-aliminum olmasını da görmək olar. Bu məhsul çox güman "Almet" şirkətinindir.
Sakinlər də bu məsələyə icra hakimiyyətinin laqeyd və etinasız yanaşmasına narazılığını bildirib. Bu oturacaqlarda oturan kimi soyuq hopur bədənə. Soyuq havada isə bu daha çox təhlükəlidir. Sadə vətəndaşlar bunu hiss etməyə də bilərlər, amma xəstəliklər tapmaları 100 faizdir.
Hətta bir müddət əvvəl Heydər parkında ağsaqallar oranın məsul işçisinə etiraz ediblər ki, bu nə dəmir oturacaqlardır qoymusuz?! Ondan sonra gətirib ona oxşar amma taxtafason bir-iki skameyka ilə onları dəyişiblər. Hər nədirsə yaxşı deyil, ziyanlıdır.








