Cəlal Qurbanovdan nazirə təşəkkür MÜRACİƏTİ: “Nə yaxşı ki...”
Tanınmış nəğməkar-şair Cəlal Qurbanov daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova təşəkkür edib.
Sfera.az bildirir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.
C.Qurbanov Daxili İşlər Nazirliyinin iş prinsiplərindəki şəffaflıq, cəsarət, disiplin, vətəndaşa xidmət, müraciətlərə operativ reaksiya, asayişin qorunmasına həssaslıq, təhlükəsizlik səviyyəsinin yüksəlməsi, ən əsası Vətənin bütövlüyünün qorunmasında DİN əməkdaşlarının fəal iştirakının təşkil olunması işlərinin göz qabağında olduğunu yazıb:
“Bu mənada sizə vətənsevər kimi bir daha təşəkkürümü bildirir, timsalınızda qurumun bütün əməkdaşlarına möhkəm can sağlığı və nailiyyətlərin davamını arzu edirəm. Təəssüf ki, hər bir vətəndaş kimi mən də narahatçılığıma səbəb olan bəzi cinayət əməllərinə məruz qalmış və nə yaxşı ki, onlarla mübarizənin ən doğru yolunu Daxili İşlər Nazirliyinə müraciət etməkdə görmüşəm. Artıq neçə ildir ki, kiber cinayətlə məşğul olan bir və bir neçə insanın hədəfinə çevrilmiş, işgüzar və ictimai nüfuzuma xələl gətirən bu şəxslərin əsl kimliyini üzə çıxarılmasında çətinliklə qarşılaşmışdım.
Yalnız sizə müraciət etdikdən sonra, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi sayəsində bu şəxslərin müəyyən insanlar tərəfindən yönləndirildiyinin aşkara çıxmasına müvəffəq olmuş, fake profillərlə gizlənən kiber cinayət əməllərinin gizli qalmadığı həmin şəxslər üçün dərs olmuşdur. Mənim şəxsən sizə etdiyim müraciətdən sonra qısa müddət ərzində aşkara çıxan bütün məqamlara görə dərin minnətdarlıq hissilə sizə təşəkkür edir və kiber cinayətə məruz qalan bütün vətəndaşları ən doğru ünvan olan Daxili İşlər Nazirliyinə müraciətə çağırıram. Bir daha əmin oldum ki, polisimiz bizim həm fiziki, həm də mənəvi təhülkəsizliyimizin keşiyindədir. Allah Azərbaycan polisini qorusun!”.