“Hesabda 50 min manat varsa, onun 20 min manatı...” – “Muğan Bank” kimləri “batıracaq”?
Ötən günlərdə bağlanan “Muğan Bank”da qorunan əmanətlərin qaytarılmasına yaxın zamanlarda başlanılması gözlənilir. Digər tərəfdən, bankda sahibkarların böyük həcmdə vəsaitlərinin olduğu bildirilir.
Maraqlıdır, bu pulların taleyi necə olacaq?
Sfera.az-ın məlumatına görə, bununla bağlı danışan iqtisadçı-deputat Vüqar Bayramov deyib ki, “Muğan Bank”ın tam öhdəlikləri barədə məlumatlar hələlik ictimaiyyətə təqdim olunmadığından sahibkarların bu bankdakı vəsaitlərinin həcmi açıqlanmayıb:
“Qaydalara əsasən, “Muğan Bank”da fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesabı üzrə vəsaitlərin 20 min manatı kompensasiya olunacaq. Bu o deməkdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin hesabında 50 min manat varsa, onun 20 min manatı kompensasiya olunan, digər hissəsi isə qorunmayandır”.
Millət vəkili bildirib ki, son illər inflyasiya səviyyəsinin proqnozlaşdırılandan yüksək olduğunu nəzərə alınarsa, kompensasiya olunan məbləğin artırılması çox vacibdir:
“Bu, banklar iflas etdiyi zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin pullarının daha çox hissəsinin kompensasiya olunmasına gətirib çıxara bilər”.
Günay