“Oğul” sənədli filmi nümayiş olundu - FOTOLAR

“Oğul” sənədli filmi nümayiş olundu - FOTOLAR

Oktyabrın 18-də Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan “Oğul” sənədli filminin nümayişi keçirilib.

 

Sfera.az xəbər verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Birinci Qarabağ müharibəsinin şəhidi Natiq Qasımovun ailə üzvləri, rəsmi şəxslər, tanınmış sənət adamları və digər qonaqlar iştirak ediblər.

 

Qeyd edək ki, üç il ərzində ərsəyə gətirilən “Oğul” sənədli filmi Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən əsir götürülən azərbaycanlı hərbçi Natiq Qasımov haqqındadır.

 

Çıxış edən filmin prodüseri Ekard Seycer (Eckart Sager) filmin ərsəyə gəlməsi prosesindən danışıb, Natiq Qasımovun silahı yerə qoyması, ermənilər tərəfindən ələ keçirilməsi və sorğu-sual olunması səhnələrindən təsirləndiyini qeyd edib. O, film çəkildiyi dövrdə hadisələrdən 25 il keçməsinə baxmayaraq N.Qasımovun aqibəti haqqında məlumatların olmadığını diqqətə çatdırıb, məhz bu səbəbdən Natiq Qasımovun başına nələrin gəldiyini araşdırmaq üçün yola çıxdığını deyib: “Azərbaycan və Ermənistan arasındakı münasibətləri nəzərə alaraq, bu məsələyə obyektiv və təmkinlə yanaşmaq bizim üçün çox vacib idi. Bu faciəvi hadisə Qarabağ müharibəsinin təcəssümüdür”.

 

Natiq Qasımovun qardaşı Nofəl Qasımov isə AZƏRTAC-a müsahibəsində qeyd edib ki, “Oğul” sənədli filminin çəkilişinə başlanılanadək Natiqin taleyi barədə heç bir məlumat yox idi. O əlavə edib: “Sadəcə onun əsir götürülməsi haqqında məlumatımız var idi. Sonradan bildik ki, Natiq sağ qalıb, Alban kilsəsində təkbaşına döyüşüb. Daha sonra isə Xocalıda girov götürülən sakinlərin öldürülməməsi üçün təslim olmağa razılaşıb”.

 

Natiq Qasımov hərbi əməliyyatlar zamanı altı döyüş yoldaşını itirdikdən sonra beş gün ərzində təkbaşına müdafiə etdiyi Alban kilsəsində mühasirədə qalır, ermənilərə müqavimət göstərərək təslim olmur. Ermənilər Xocalıda girov götürülən 22 sakini öldürəcəkləri ilə təhdid etdikdən sonra cəsur döyüşçümüz təslim olmağına razılaşır.

 

Ermənilər Natiqin bir neçə gün təkbaşına vuruşmasına heç cür inana bilmirdilər. Konstantin Smirnov adlı müxbirin “Oqonyok” jurnalının 1992-ci ilin aprel sayında (№ 14-15) dərc olunmuş “Qorxu” (“Strax”) sərlövhəli məqaləsində hətta təslim olduqda belə Azərbaycan Bayrağını düşmənə verməyən Natiq Qasımovun şücaətindən bəhs edilirdi. Həmin məqalədə əlində Azərbaycan Bayrağını fəxrlə saxlayan Natiq Qasımovun Ermənistan hərbçilərinin əhatəsindəki fotosu da yer almışdı.

 

Azərbaycan tarixinin daha bir qəhrəmanlıq səhifəsindən bəhs edən bu sənədli film rejissor və ssenari müəllifi Karan Sinqh tərəfindən italiyalı hərbi fotoreportyor Enriko Sarsininin dərc olunmamış fotoları əsasında ekranlaşdırılıb. Enriko Sarsininin Qarabağda baş verənlərlə bağlı danışdığı olduqca kədərli, lakin qürur dolu hekayəni dünyaya tanıtmaq qərarına gələn rejissor həmin hadisəni və qəhrəmanın aqibətini aydınlaşdırmaq üçün üç il Azərbaycan, Ermənistan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə görüşüb, onların müsahibələrini lentə alıb.

 

Filmdə Natiq Qasımovun erməni əsirliyində dindirilməsi ilə bağlı məqamlar və bu dindirilmələrdə ermənilərin səhra komandiri Vitali Balasanyanın da iştirak etməsinə dair faktlar yer alır. Şahidlərin məlumatına görə, erməni hərbçi Vitali Balasanyan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxs kimi qeydiyyatda olan Natiq Qasımovu əsirlikdə olduğu müddətdə işgəncə ilə qətlə yetirib.

 

Film riyakar erməni xislətini bir daha aşkara çıxarmış olur. Bununla yanaşı, filmin rejissoru ekran əsərində müharibələrin insanların taleyində oynadığı dəhşətli roldan bəhs edir, ailələrin öz əzizlərinin itkisindən və naməlum taleyindən çəkdikləri iztirabları ön plana gətirir.

 

Natiq Qasımovun şücaətini parlaq şəkildə əks etdirilən “Oğul” sənədli filmi Azərbaycan Ordusunun 2023-cü ilin sentyabr ayında apardığı uğurlu antiterror tədbirlərindən sonra yenidən ictimaiyyətin gündəminə gəlib.

 

Film Azərbaycan və ingilis dillərində hazırlanıb və iki dəfə ABŞ festivallarında nümayiş etdirilib.

 









OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...