“TikTok” nə zaman açılacaq? – AÇIQLAMA
Uzun müddətdir, “TikTok” sosial şəbəkəsinə giriş məhdudlaşdırılıb. Buna baxmayaraq, hazırda istifadəçilərin əksəriyyəti “VPN”dən istifadə edərək bu resursdan sərbəst istifadə edirlər.
Bəs “TikTok” nə zaman açılacaq?
Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib ki, antiterror tədbirləri başa çatandan sonra ölkəmizdə sözügedən platformaya girişin bərpa edilməməsi düşündürücüdür:
“Fikrimcə, səlahiyyətli qurum olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) buna aydınlıq gətirməlidir. Hansısa hüquqi əsaslar olmadan belə durumun qalması da doğru bir yanaşma deyil. Xüsusilə də, “VPN”lərdən kütləvi istifadə təhlükəsizlik üçün əlavə təhdidlər yaradır. Bu resursdan uşaqların təhlükəsizliyini təmin etmək şərtilə effektiv istifadə edilməsi, biznes və marketinq baxımından səmərəli girişi, Azərbaycan dilli faydalı kontentin yaradılmasına diqqət yetirilməsi ağlabatan olardı”.
Ekspert deyib ki, ölkədə “TikTok”un nümayəndəliyini açmaq, burada dövr edən vəsaitləri vergiyə cəlb etmək, bu qlobal resursla əməkdaşlıq edib uşaqları qorumaq üçün əlavə imkanlar yaratmaq daha məqsədəuyğundur.
Günay