Arayik Harutyunyan bu maddələrlə ittiham olunacaq – Onu hansı cəza gözləyir?

Arayik Harutyunyan bu maddələrlə ittiham olunacaq – Onu hansı cəza gözləyir?

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Qarabağda separatçıların keçmiş “prezidenti” Arayik Harutyunyanı saxlayıb.

 

Maraqlıdır,  separatçıların sabiq rəhbərinə qarşı hansı ittihamlar irəli sürüləcək?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən vəkil Mehman Muradlı qondarma respublikanın rəhbərinin müxtəlif maddələrlə ittiham olunacağını bildirib:

 

 

"Arayik Harutyunyanın Azərbaycana gətirilməsi gözlənilən idi, çünki beynəlxalq axtarışa verilmişdi. Əgər Azərbaycan Respublikasının hüdudlarından kənarda olsaydı, bu halda da həbsi mümkün idi. Yəqin ki, artıq ona qarşı cinayət işi başlanılıb və həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə müraciət olunacaq.

 

Arayikə qarşı Cinayət Məcəlləsinin 100-cü maddəsi ilə təcavüzkar müharibənin planlaşdırılması, başlanılıb aparılması ittihamı irəli sürüləcək. Müharibə 30 il əvvəl başlamış olsa da, faktiki olaraq Arayik həmin müharibəni davam etdirib. Bunun da maksimum sanksiyası ömürlük azadlıqdan məhrumetmədir.

 

Bundan başqa, 2020-ci ildə və ondan əvvəlki dövrlərdə onun müharibənin başlanmasına açıq çağırışları olub. Bunun sanksiyası isə 5 ilədək azadlıqdan məhrumetmədir.

 

Əsas məsələ isə Gəncəyə atılan raketlər, soyqırımı faktıdır. İstintaq orqanı bu hadisəni soyqırımı kimi qiymətləndirməsə belə, Arayik haqqında 105-ci maddəyə uyğun olaraq "əhalini məhv etmə" anlayışına görə cinayət işi başlana bilər.

 

279-cu maddəyə uyğun olaraq, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplaşmalar yaradılıb. Həmin maddəyə uyğun cəza tətbiq ediləcək".

 

Hüquqşünas Harutyunyanla bağlı ehtimal olunan yekun qərardan söz açıb:

 

"Eyni zamanda ortada dövlətə qarşı, dövlət quruluşunun dəyişdirilməsi ilə bağlı cinayətlər var. Bütün faktları toplasaq, Cinayət Məcəlləsinin 10-na yaxın maddəsi ilə cinayət işi aparılacaq. Bütün bunları nəzərə alaraq, qondarma rejim rəhbərinin ömürlük azadlıqdan məhrum edilməsi gözlənilir".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR