“Separatçıların “Karabakh Telecom” şirkəti bağlanmalı, əvəzində isə...” – Osman Gündüz
“Qondarma “Dağlıq Qarabağ respublikası”nın mobil rabitəsi və internet təchizatı olan “Karabakh Telecom” şirkəti hələ də fəaliyyətini davam etdirir”.
Sfera.az bildirir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib. Onun sözlərinə görə, rabitə kanalları Ermənistan üzərindəndir:
“Şirkətin geniş baza stansiyaları və xidmət mərkəzləri infrastrukturu var. Müharibədən sonra infrastrukturu yenidən bərpa ediblər. Tariflərini şirkət deyil, separatçı rejim özü müəyyən edir. İkinci Qarabağ savaşında Arutunyan bu şirkəti Livanlı sahiblərindən zorla ələ keçirib özəlləşdirmişdi. Hazırda ərazimizdə qanunsuz fəaliyyət göstərən bu şirkətin kimə məxsus olması haqqında məlumat yoxdur. Güman ki, “Karabakh Telecom”u indi də separatçıların yeni "prezidenti" Şahramanyan ələ keçirər”.
Ekspert bildirib ki, bu kommunikasiya da Azərbaycan qanunlarına tabe etdirilməlidir:
“Ermənistandan gələn magistral rabitə və internet kanallarını bağlamaq və Ağdam istiqamətindən Xankəndinə yeni magistral xətlər çəkmək doğru olardı. Yəni Ağdam -Xankəndi yolunun açılması ilə yanaşı, rabitə və kommunikasiyanın da Azərbaycan operatorları üzərindən qurulması təmin edilməlidir. İnteqrasiyanı ərzaqdan deyil, rabitədən və internetdən başlamaq məntiqlidir. Bircə gün rabitəsiz və internetsiz qalmaq oradakı ermənilərin qanunlarımıza tabe olması və inteqrasiyası istiqamətində işləri xeyli sürətləndirəcək”.
Günay Rəsulqızı