Azərbaycanın böyük və “cırtdan” qəsəbələri – ADLAR + SAY
Azərbaycanda 262 qəsəbə var və bu qəsəbələr əhali sayına görə bir-birindən kəskin fərqlənir.
Sfera.az xəbər verir ki, onların arasında əhali sayı yüz nəfər olan qəsəbələrlə yanaşı, sakinlərinin sayı 50 min nəfəri keçən böyük qəsəbələr də var.
Ən böyük qəsəbələr Bakı şəhərində yerləşir. Azərbaycanca əhali sayına görə ən böyük qəsəbə Sabunçu rayonunda yerləşən Maştağa qəsəbəsidir. 2023-cü ilin əvvəlinə aid olan məlumata əsasən Maştağada 91,4 min insan daimi qeydiyyatdadır.
Maştağa ilə bərabər Binəqədi rayonunun Biləcəri, M.Ə.Rəsulzadə və Binəqədi qəsəbələri, Xəzər rayonunun Binə qəsəbəsi, Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Suraxanı rayonunun Qaraçuxur və Hövsan qəsəbələri də əhali sayına görə böyük qəsəbələrdir.
Binənin 80,1 min, Biləcərinin 76,7 min, Qaraçuxurun 76,4 min, Bakıxanovun 64,7 min, M.Ə.Rəsulzadənin 52,2 min, Hövsanın 47,5 min, Binəqədinin 44,8 min qeydiyyatda olan sakini var.
Bakının adıçəkilən qəsəbələri ilə yanaşı Zabrat (37,8 min), Ramana (37,3 min), Lökbatan (34,4 min), Buzovna (34,3 min nəfər), Mərdəkan (32,1 min), Əmircan (30,3 min) da böyük qəsəbələrdən hesab edilir.
Bakıdan kənarda da böyük qəsəbələr var. Kənar şəhər və rayonlarda yerləşən qəsəbələrdən ən böyükləri Abşeron rayonunun Saray (37,6 min), Sumqayıt şəhərinin Hacı Zeynalabdin (29,7 min) və Mehdiabad (20,5 min), Sumqayıtın Corat (18,4 min), Masallının Ərkivan (17,7 min) qəsəbələridir. Bunlardan başqa əhali sayı 10 min nəfəri keçən daha bir neçə qəsəbə var.
Ölkəmizdə böyük qəsəbələrlə bərabər çox kiçik qəsəbələr də var. Bunlara nümunə kimi Xaçmaz rayonunun Meşəli (100 nəfər), Dalğalı (100 nəfər), Sahillər (100 nəfər), Turist (100 nəfər), Göygöl rayonunun Aşağı Zurnabad (100 nəfər), Goranboy rayonunun Yuxarı Ağcakənd (100 nəfər) qəsəbələrini göstərmək olar.
Vasif