“Bu il daha ciddi tıxaclar olacaq” – Ekspertdən yeni tədris ili ilə bağlı AÇIQLAMA
Yeni tədris ilinə sayılı günlər qalıb. Bu, həm də şərti olaraq yeni tıxac mövsümünün başlanğıcı sayıla bilər.
Sfera.az-ın məlumatına görə, mövzu ilə bağlı fikirlərini bölüşən nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib ki, yollarda tıxacın yaranmasını stimullaşdıran əsas amillərdən biri məskunlaşmadır:
“Bakı ətrafında bəzi yaşayış massivləri bir az da sıxlaşıb. Rayonlardan paytaxta gələnlərin sayındakı artım davam edir. Xarici ölkələrdən vətənə qayıdanlar da böyük ehtimalla artıb, əsas iş yerləri şəhərin daxilindədir. Deməli, şəhərə giriş yollarında hərəkət intensivliyi artacaq. Son bir ildə ölkəyə, əksəriyyəti Bakı və Abşeron aqlomerasiyası olmaqla, 70-80 min minik avtomobili gətirilib. Yəni küçələrə çıxacaq avtomobillərin sayı da artıb. Bakı Metropolitenində son bir ildə cəmi 1 stansiya – “Xocəsən” istifadəyə verilib. Onun ümumi sərnişin axınına ciddi təsiri gözlənilmir. Qatarların hərəkət qrafiki və digər amillər isə olduğu kimi qalır”.
Ekspert qeyd edib ki, parklanmaların düzgün təşkili, idarə edilməsi və prosesə nəzarət təmin edilərsə, bəzi yerlərdə qanunsuz parklanmadan qaynaqlanan sıxlıq və tıxaclar azala bilər:
“Yenə aqlomerasiyada əsas mobillik vasitələrimiz fərdi avtomobillər və taksilər olmaqda davam edəcək. Yəni bu il daha ciddi tıxaclara şahid olacağımız gözlənilir. Təəssüf ki, illərdir, bu məsələlərə yetərincə diqqət ayrılmır. Bu il Nəqliyyatı Əlaqələndirmə Şurasının yaradılması haqqında sərəncam oldu. Amma hələlik bu Şuradan xəbər yoxdur. Amma gecikirik, ölkədə mobillik məsələsinə yenidən baxılmasa, bu sahəyə dövlət tərəfindən ciddi yatırım edilməsə, yığılıb qalan məsələlirin həlli ilə məşğul olunmasa, hər növbəti il daha pis mənzərəyə şahid olacağıq”.
Günay Rəsulqızı