“Çingiz Abdullayevi müdafiə statusları yazıb, paylaşmaq lazımdır” – Deputat
Yazıçı Çingiz Abdullayevin ölkəni tərk etmək istəməsi onu sosial şəbəkələrdə yenidən hədəf taxtasına çıxarıb.
Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən deputat Razi Nurullayev qeyd edib ki, Çingiz Abdullayevi məntiqlə və əxlaq çərçivəsində tənqid etmək olar:
“Kiminsə fikirləri ilə razılaşmamaq olar, amma heç kimi alçaltmaq, aşağılamaq olmaz. Çingiz Abdullayevi əxlaqdan kənar və aşırı şəkildə cahilcəsinə aşağılayanların əksəriyyəti cahillik kursundan yüksək qiymət alar. Cahilliyin baş qaldırmasında, ayaq açmasında, təhqirin və söyüşün çiçəklənməsində ziyalıların, oxumuşların da günahı var. Real nəticəni görmək və cahillərin səsini batırmaq istəyiriksə, heç kim susmasın, kütləvi şəkildə müdafiə statusları yazsın və paylaşsın”.
Deputat tənqid edənlərə görə sosial şəbəkələrin məhdudlaşdırılmasının tərəfdarı olmadığını da vurğulayıb:
“Bəziləri deyə bilər ki, təhqir yazanları polis cəzalandırsın, sosial şəbəkələri mədudlaşdıraq və s. Xeyr, bu, çıxış yolu deyil. Sosial şəbəkəni polislə idarə etmək mümkün deyil, məhdudlaşdırmaq da həmçinin. Əksinə, sosial şəbəkələrin həyatımızdakı rolu daha da artacaq. Onun üçün də cahillik, söyüş və təhqirlərlə mübarizə elə sosial şəbəkənin özü vasitəsilə olmalıdır”.
Xatırladaq ki, daha öncə Çingiz Abdullayev ölkəni tərk etmək istədiyini bildirmişdi. “Bu mənim ölkəmdir, mənim şəhərimdir. Bu şəhərin ləhcəsində danışdığım üçün belə qınanıram. Həddindən artıq adekvat olmayan adamlar var. Bu isə hər şeyi korlayır. Artıq nəsə etmək, qərar vermək vaxtıdır!”, deyə yazıçı qeyd etmişdi.
Türkan