Anası sələm götürdü, dayısını bıçaqladı - HÖKM OXUNDU

Anası sələm götürdü, dayısını bıçaqladı - HÖKM OXUNDU

Lənkəran Ağır Cinayətlər Məhkəməsində dayısı 73 yaşlı İltifat Rufiyevi bıçaqlayaraq öldürməyə cəhd edən 1989-cu il təvəllüdlü Ramin Təhməzova hökm oxunub.

 

Sfera.az xəbər verir ki, məhkəmənin hökmünə əsasən R. Təhməzov 7 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə bu ilin fevralın 7-də Lənkəran rayonu Mamusta kəndində baş verib.

 

Belə ki, Ramin Təhməzovun dayısı oğlu Anar 1990-cı illərdə Raminin Anası Kəmalədən 5 min ABŞ dolları məbləğində borc pul alıb. Sonradan Anarın aldığı borcu qaytarmaması səbəbindən Kəmalə digər şəxslərə olan borcunu ödəyə bilməyib və 1999-cu ilin martın 30-da intihar edib. Baş verənlərdən son illərdə xəbər tutan Ramin bu ilin fevralın 7-də dayısına yaxınlaşaraq ondan anasına olan borcun qaytarmasını tələb edib. Dayısı borcları olmadığını dedikdən sonra Ramin bıçaqla onun bədəninin müxtəlif nayihələrinə çoxsaylı bıçaq zərbələri endirərək onu öldürməyə cəhd edib. Xəstəxanaya çatdırılan kişinin həyatını xilas etmək mümkün olub.

 

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Ramin Təhməzov bildirib ki, atası 1994-cü ildə yol qəzasında vəfat edib: “ Anar gil atamın yas mərasiminə gəlməmişdilər. O daha sonra anamdan 5000 dollar pul istəyib. Anam qonşuluqda yaşayan Nicatdan sələmə 5000 ABŞ dolları pul alaraq Anara verib. Sonra dəfələrlə qardaşı İltifatdan və oğlu Anardan borclarını qaytarmağı tələb etsə də, onlar pulu qaytarmadılar. Anam yaşadığımız binanın 7-ci mərtəbəsindən özünü ataraq öldürdü. Həmin vaxtlar uşaq olduğum üçün anama qarşı edilənlərə görə heç nə edə bilmirdim. Anamın ölümündən sonra mən və üç bacım Lənkəran rayonu Mamusta kəndində yaşayan əmimin evinə köçdük. Əmim bizi himayə edərək böyüdüb. O, Bakıdakı evimizi sataraq anamın sələmə götürdüyü pulu ödəmişdi. 2019-cu ilin avqust ayında qohumlar arasında gedən söz-söhbətdən bildim ki, Anarın anamdan aldığı pulu qaytarmaması səbəbindən anam çətin vəziyyətə düşüb və özünü öldürüb. Hətta bildim ki, anam özünü öldürməzdən əvvəl dayım İltifata və Anara zəng edərək, vəziyyətinin ağır olduğunu, sələmə götürdüyü pulu ödəməli olduğunu, əgər ondan aldıqları pulu verməsələr, özünü öldürəcəyini deyib. Lakin İltifat və oğlu anasının yalvarışlarına məhəl qoymayaraq pulu verməkdən boyun qaçırıblar və beləliklə də, anamın intihar etməsinə səbəb olublar”.

 

Zərərçəkmiş şəxs qismində ifadə verən İltifat Rufiyevin sözlərinə görə, o və oğlu Anar Raminin anası Kəmalədən pul almayıblar və Kəmalənin intihar etməsinin səbəbini bilmir: “Raminin borc söhbəti etdiyini eşitdikdən sonra onunla qarşılaşmaq istəmirdim. Məni öldürmək istəməsi barədə Mamusta kənd icra nümayəndəsinə də müraciət etmişdim. Hadisə günü Ramin yolda mənə yaxınlaşıb anası Kəmalənin oğlum Anara guya 5000 ABŞ dolları məbləğində pul verməsini dedi və həmin pulu geri qaytarmağı tələb etdi. Raminə heç bir borcumuzun olmadığını bildirəndə dirsəyi ilə üzümə zərbə endirib yerə yıxdı. Qalxmaq istəyəndə də bıçaq zərbələri endirdi”.  (Publika.az)


OXŞAR XƏBƏRLƏR