Kibertəhlükəsizliyin təmin olunmasında YENİ STRATEGİYA və ƏHƏMİYYƏTİ – TƏHLİL
Qloballaşan dünyada hər bir dövlət üçün kibertəhlükəsizliyin təmin olunması istər milli, istərsə də beynəlxalq səviyyədə əsas məsələdir. Çünki, bu məsələ insan, cəmiyyət və dövlət maraqlarının qorunmasında başlıca amildir. Nəzərə alaq ki, Azərbaycan bəzi ölkələrlə informasiya müharibəsi şəraitindədir.
Təsadüfi deyil ki, Azərbaycanın informasiya məkanına, o cümlədən onun tərkib hissələrinə qarşı texnoloji cəhətdən çoxşaxəli hücumlar olur. Ona görə də informasiya və milli təhlükəsizliyə təhdidləri müəyyən edərək aradan qaldırmaq üçün Prezident İlham Əliyevin fərman və sərəncamları ilə uzun illərdir ki, davamlı tədbirlər görülür.
Kibertəhlükəsizlik sahəsində yeni Yol Xəritəsi
Dövlət başçısının ötən gün imzaladığı fərmanla qüvvəyə minən “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası” bu mənada mühüm əhəmiyyətə malikdir. Xüsusilə də, kibertəhlükəsizliyin qorunmasının önəminin artdığı bir vaxtda bu strategiyanın qəbulu çox vacib idi.
Nəzərə alaq ki, ölkəmizin kibertəhlükəsizliyini təmin etmək üçün tədbirlər son bir neçə ildə davamlı şəkildə və məntiqi inkişafla həyata keçirilib.Təkcə bu il bu sahədə hədəflərə çatmaq üçün Azərbaycan Prezidenti bir neçə sənəd imzalayıb.
Kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində 2023-cü ilin may ayının 23-də Prezident İlham Əliyevin fərmanı ilə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklər təsdiqlənib.
Kritik informasiya infrastrukturunun və onun tərkibinə daxil olan informasiya sistemlərinin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə imzalanan həmin fərmana əsasən, kibertəhdidlərə qarşı mübarizə sahəsində səlahiyyətli orqanın funksiyalarını Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya üzrə Dövlət Xidməti həyata keçirməyə başlayıb.
Beynəlxalq reytinqdə müsbət sıçrayış
Təsadüfi deyil ki, kibertəhlükəsizlik sahəsində milli ekosistemin formalaşdırılması və inkişafı istiqamətində aparılmış əməli fəaliyyət ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin ciddi şəkildə yaxşılaşdırılması ilə nəticələnib.
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının tərtib etdiyi “Qlobal kibertəhlükəsizlik indeksi 2020” (Global Cybersecurity Index, GCI) reytinqində mövqeyini 15 pillə yaxşılaşdıraraq, 194 ölkə arasında 89.31 xal ilə 40-cı yerdə qərarlaşıb.
Yeni Strategiya özündə nələri ehtiva edir?
“Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası” əldə olunan uğurları yeni mərhələyə daşıyacaq. Çünki, bu Strategiya kibertəhlükəsizlik sahəsində görüləcək işlərlə bağlı müvafiq dövlət qurumları üçün bir Yol Xəritəsidir.
Və yaxın 4 ildə bu Yol Xəritəsi xarici təhdidləri, kiberhücumlar zamanı istifadə oluna biləcək zəiflikləri, boşluqları və təhdid nəticəsində yarana bilən fəsadları aradan qaldıracaq.
Eyni zamanda, təhdidlərin azaldılması üçün bu tədbirlər hüquqi, təşkilati, əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat, elmi-texniki və təhsil, informasiya-təhlil, kommunikasiya, kadr təminatı, iqtisadi və digər sahələr üzrə tədbirləri əlaqələndirilmiş qaydada təşkilinə kömək edəcək. Qurumlar arasında icra, nəzarət və davamlı təkmilləşdirmək üçün qanunvericiliklə müəyyən edilən mühafizə üsulları və vasitələri ilə təmin edilir.
Bu strategiyada Azərbaycandan ölkə xaricinə “beyin axını”nın qarşısının alınması da nəzərdə tutulur. Bundan başqa, Strategiyada kibertəhlükəsizlik sahəsində milli kadr ehtiyatının tükənməzliyi və mühafizəsi məsələsi də öz əksini tapıb.
Hansı qurumların üzərinə daha çox iş düşür?
Strategiyada əsas hədəflərdən biri də qlobal trendləri izləmək və onun ölkəmizə ziyan verə biləcək yan təsirlərindən qorumaqdır. Eləcə də kibertəhlükəsizlik sahəsində yeni çağırışları nəzərə alıb, bu istiqamətdə real vaxt rejimində, “online” inkişafına nail olmaqdır.
Beləcə, kibercinayətkarlığın xidmət kimi beynəlxalq səviyyədə yayılmasına əks-cavab olaraq kibertəhlükəsizlik xidmətlərini milli və beynəlxalq səviyyələrdə şəbəkələşdirərək kibertəhlükəsizlik sisteminin ən üst səviyyədə yaradılmasına nail olmaqdır.
Bununla yanaşı, bu sahədə fəaliyyət göstərən özəl şirkətlərlə dövlət qurumları arasında inteqrasiyanın yaradılması da mühüm əhəmiyyət kəsb edir.
Ona görə ki, internet dünyası yalnız dövlət qurumları tərəfindən nəzarət və müşahidə olunması mümkün olmayacaq qədər böyükdür.
Təbii ki, sadalananları nəzərə aldıqda görərik ki, yeni strategiyanın icrasında Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının üzərinə böyük iş düşür.
Təbii ki, bu işdə DTX və AKTA-nın üzərinə böyük iş düşür. Yaxın keçmişdə bu sahədə əldə olunan nailiyyətləri nəzərə alaraq inamla deyə bilərik ki, həm DTX, həm də AKTA ölkəmizin kibertəhlükəsizliyinin təminatı üçün zəruri olan bütün addımları atacaq.