“AzInTelecom” 11056 IMEI koda “klon” statusu verib

“AzInTelecom” MMC indiyə qədər 11056 IMEI koda “klon” statusu verib.
Sfera.az şirkətə istinadən xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Azərbaycana gətirilən mobil cihazların surəti köçürülmüş IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı tədbirlər görür.
Bununla bağlı şirkət mütəmadi monitorinq keçirərək IMEI kodlar üzrə ətraflı araşdırma aparır. Surətinin köçürüldüyü aşkarlanan IMEI koda “klon” statusu verilir, onun istifadəsi məhdudlaşdırılır. İstifadəsi məhdudlaşdırılan telefonlarla yalnız telekommunikasiya şəbəkəsindən istifadəyə icazə verilir.
Şirkətdən bildiriblər ki, “klon” statusu verilən IMEI kodlar son üç ayda 1 129 956 ədəd mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünüb. Bu IMEI kodlarla 598 149 dəfə şəbəkəyə qoşulma cəhdinə Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) tərəfindən imtina cavabı verilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na əsasən, xaricdən gətirilən mobil telefonlar ölkə telekommunikasiya şəbəkəsində istifadə olunması üçün 30 gün ərzində qeydiyyatdan keçirilməlidir. Bu zaman fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazın bazar qiymətinə uyğun olaraq dövlət rüsumunun ödənilməsi nəzərdə tutulur.
Bəzən dövlət rüsumunu ödəməmək üçün daha əvvəl qeydiyyatdan keçmiş telefonun IMEI kodunun surətinin yeni telefonlara köçürülməsi halları baş verir. Surəti köçürülmüş IMEI kodun məxsus olduğu cihazın sahibi isə bu prosesdən tamamilə məlumatsız olur və daha sonra müəyyən çətinliklərlə rastlaşır.
Bu cür hallarla qarşılaşmamaq və aldadılmamaq üçün yeni alınan və ya hazırda istifadədə olan mobil telefonların IMEI kodunun surətinin köçürülməsi statusu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Vahid Elektron Xidmətlər Portalından məlumat əldə etmək olar.
Bunun üçün telefonun ekranında *#06# yığaraq cihazın IMEI kodunu öyrənib daha sonra portala daxil olaraq “IMEI yoxlama” xidmətinə keçid etmək lazımdır. Ekranda görünən xanaya IMEI kodu daxil edib “Yoxla” düyməsinə klik edərək telefonun IMEI koduna “klon” statusu verilib-verilmədiyini öyrənmək olar.
Vasif