Bu gün tanınmış azərbaycanlı memar Nəriman İmaməliyevin doğum günüdür

Bu gün tanınmış azərbaycanlı memar Nəriman İmaməliyevin doğum günüdür.
Sfera.az bildirir ki, memar 1971-ci ildə anadan olub. 1988-1990-cı illərdə Azərbaycan Memarlıq və İnşaat universitetində təhsil alıb. 1990-1994-cü illərdə isə Krakov Politexnik universitetində təhsilini davam etdirib. N.İmaməliyev 1994-1998-ci illərdə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və şəhərsalma Baş idarəsində memar, 1997- 1998-ci illərdə “Azərsun Holding” MMC-də memar, 1998-2001-ci illərdə “El&En” memarlıq şirkətində memar vəzifəsində çalışıb. 2001-ci ildən “Nəriman Memarlıq” memarlıq şirkətinin təsisçisi və baş memarıdır.
Nəriman İmaməliyev həmçinin, 1997-ci ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür. 2012-ci ildə Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü seçilib. Dəfələrlə Respublika və beynəlxalq müsabiqələrin qalibi olub. Bir çox layihələrin müəllifidir: Bakıda “Çıraq Plaza”, Tbilisi prospektində 14 mərtəbəli otel və ofis binası; “Azərkosmos” ASC Əsas peyk idarəetmə mərkəzi; Moskvada Barvixa qəsəbəsində yaşayış kompleksi və s. 2008-ci ildə Azərbaycan Memarlar İttifaqı tərəfindən “Ustad Memar” yüksək peşəkarlıq sertifikatına layiq görülüb.
2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin 01 oktyabr tarixli Fərmanı ilə «Respublikanın Əməkdar memarı» fəxri adına layiq görülüb. 2015-ci ildən Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin professorudur.