Təhsil Nazirliyindən Dövlət Proqramı ilə bağlı - AÇIQLAMA
Cəmiyyət
10:36 / 27.12.2015
969
Xaricdə Təhsil üzrə Dövlət Proqramı (2007-2015) çərçivəsində ümumilikdə 3558 nəfər təhsil almaq hüququ qazanıb.
Bu barədə “Bizim Yol”-a Təhsil Nazirliyindən məlumat verilib.
Məlumata görə, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2015-2016-cı tədris ilində gənclərə dünyanın 33 ölkəsinin 419 ali təhsil müəssisəsində müvafiq prioritet ixtisas istiqamətləri üzrə təhsil almaq imkanı yaradılıb.
2015-2016-cı tədris ili üzrə seçimlərdə uğur qazanmış 373 nəfər Dövlət Proqramı çərçivəsində təhsil almaq üçün xaricə göndərilib. Onlardan 176 nəfər magistratura, 25 nəfər doktorantura, 70 nəfər rezidentura, 102 nəfər isə baza ali tibb və bakalavriat təhsil səviyyələrində təhsil almaq hüququ qazanıb.
Dövlət Proqramı çərçivəsində gənclərin dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil alması üçün Təhsil Nazirliyi, aidiyyəti dövlət qurumları və ali təhsil müəssisələri mütəxəssislərinin iştirakı ilə seçimlər aparılıb və ümumilikdə 3558 nəfər təhsil almaq hüququ qazanıb.
Dövlət Proqramı çərçivəsində müvafiq məzun qeydiyyatından 1147 nəfər keçib. Təhsillərini tamamlamış məzunların 60 faizi özəl, 40 faizi isə dövlət sektorunda fəaliyyət göstərir.
Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində sonuncu təhsilalanın (tibb təhsilinin rezidentura səviyyəsi üzrə) 2021-ci ildə məzun olması gözlənilir.