“İqtisadi artım tempi 0,1% təşkil edib” – Tahir Mirkişili

“İqtisadi artım tempi 0,1% təşkil edib” – Tahir Mirkişili

Milli Məclisdə “Azərbaycan Respublikasının 2023-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər layihəsi müzakirə olunur.

 

Sfera.az xəbər verir ki, parlamentin növbədənkənar sessiyasında iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili sözügedən qanun layihəsi barədə danışıb:

 

“Bu ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında yaradılmış əlavə dəyər 40 mlrd. manat olub, iqtisadi artım tempi 0,1% təşkil edib. Artım tamamilə qeyri-neft/qaz sektoru hesabına təmin edilib, bu sektorun 1,5 faiz bəndi artırıcı təsiri neft-qaz sektorunun 1,4 faiz bəndi azaldıcı təsirini üstələyib. Qeyri-neft/qaz sektorunun artımına müsbət töhfəni əsasən turizm və tikinti sektoru verib”.

 

T.Mirkişili qeyd edib ki, dünyada gedən qlobal iqtisadi və geosiyasi proseslər, enerji daşıyıcılarının qiymətləri, 2022-ci ilin faktiki nəticələri və cari il üzrə müşahidə olunan tendensiyalar nəzərə alınmaqla, 2023-cü ilin may ayında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən cari il üzrə makroiqtisadi proqnozlar yenilənib:

 

“2023-cü ilin dövlət büdcəsinə yenidən baxılma zamanı təqdim edilmiş məlumatlarda ÜDM-in 111,6 mlrd. manatadək artırılması, iqtisadi artım tempinin isə 1,8%-ə endirilməsi nəzərdə tutulur. ÜDM-də nominal məbləğdə nəzərdə tutulan artımın həm neft-qaz, həm də qeyri-neft/qaz sektoru hesabına təmin olunacağı proqnozlaşdırılır. Belə ki, dürüstləşdirilmiş proqnozda ÜDM-də gözlənilən 5,6 mlrd. manat artımın 4,4 mlrd. manatının qeyri-neft/qaz, 1,2 mlrd. manatının isə neft-qaz sahələrindən formalaşacağı gözlənilir. Qeyri-neft-qaz sektorunda real artım proqnozu 2023-cü il üçün 4.5%-dən 4.9%-ə qədər artırılıb. Yenidən baxılan “Büdcə zərfi”ndə hesablamalar neftin bir barelinin orta illik qiymətinin 10 dollar artırılaraq 60 dollar səviyyəsinə uyğun həyata keçirilib. 2023-cü ilin yanvar-aprel aylarında orta illik inflyasiya 13,5%-ə bərabər olub, istehlak səbətinin hər 3 alt qrupu üzrə ikirəqəmli qiymət artımı izlənib. Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan bazis inflyasiyası orta illik qiymətləndirmədə 12,9% təşkil edib. Təqdim edilmiş məlumatlara əsasən, ilkin proqnozlar zamanı 2023-cü ildə orta illik inflyasiyanın 6,9% olacağı nəzərdə tutulsa da, yenidən baxılma zamanı bu göstəriciyə artım istiqamətində düzəlişlər edilib və 10,4% olaraq dəqiqləşdirilib”.

 

T.Mirkişili qanun layihələri haqqında Hesablama Palatasının rəyinin Milli Məclis üzvlərinə təqdim edildiyini bildirib.

 

“2023-cü ildə beynəlxalq təşkilatlar tərəfindən yenilənmiş proqnozlara əsasən, əvvəlki ilə nisbətən iqtisadi artımın zəifləyəcəyi gözlənilir. Belə ki, ilkin proqnozlarda qlobal iqtisadi artımın təxminən 2,5%-3,0% ətrafında olacağı gözlənilsə də, 2023-cü ildə dərc edilmiş hesabatlara əsasən, bu göstəricinin təxminən 2,0-2,5% ətrafında olacağı nəzərdə tutulur”, - millət vəkili qeyd edib.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR