Azərbaycanda ən yüksək kommunal xərc bu regionda ödənilir - STATİSTİKA

Azərbaycanda ən yüksək kommunal xərc bu regionda ödənilir - STATİSTİKA

Azərbaycanda ailələrin aylıq istehlak xərclərinin 8,1 faizi kommunal (su, işıq, qaz və digər yanacaq növlərinə) xərclərdən ibarətdir. Dövlət Statistika Komitəsinin 2022-ci ilin ev təsərrüfatları ilə bağlı apardığı tədqiqata əsasən, bir ev təsərrüfatı kommunal xidmətlərə ayda orta hesabla 27,17 manat ayırıb. 


Sfera.az xəbər verir ki, ailələrin kommunal xərcləri 2021-ci ildə 25,2 manat, 2017-ci ildə 20,5 manat, 2012-ci ildə 17 manat, 2001-ci ildə 1,2 manat idi. Müqayisə göstərir ki, son bir ildə kommunal xərclər 2 manat, son 5 ildə 6,7 manat, son 10 ildə isə 10,17 manat artıb. 


Ailələrin kommunal xərcləri şəhər yerlərində kənd yerlərinə nisbətən yüksəkdir. Şəhərdə yaşayanlar ayda orta hesabla 27,5 manat, kənd yerlərində 26,8 manat xərcləyib. 


Mütləq mənada şəhərdə xərclər yüksək olsa da cəmi xərclərdəki payına görə kənd əhalisinin kommunal xidmətlərə daha çox xərclədiyini görürük. Şəhər yerlərində cəmi xərclərin 7,9 faizi kommunal xərclərdən ibarət olduğu halda, kənd yerlərində bu nisbət 8,5 faizə yüksəlib. Bunun səbəbi şəhər yerlərində yaşayanların gəlirinin daha yüksək olması ilə bağlıdır.  


Azərbaycanın regionları üzrə kommunal xidmətlərə ən az pul Naxçıvan Muxtar Rsepublikasında xərclənib. Burada ailələr ayda 21,1 manat pul xərcləyib. 


Ən yüksək xərc isə Şirvan-Salyan regionunda (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları) olub. Bu regonda ortaaylıq xərc 44,3 manat və ya aylıq xərclərin 14,3 faizini təşkil edib. 


Bakıda ailələrin kommunal xərci 26,4 manat olmaqla aylıq xərclərin 7,5 faizini formalaşdırıb. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR