Ölkənin turizm bölgələrində kirayə evlər neçəyədir? - QİYMƏTLƏR

Ölkənin turizm bölgələrində kirayə evlər neçəyədir? - QİYMƏTLƏR

Yay fəslinə doğru istirahət üçün kirayə bağ evlərinə üz tutanların sayında artım var. Kirayə mənzillərə daha çox tələbat isə Bakı kəndləri və turistik bölgələrdədir.

 

Maraqlıdır, bu il kirayə bağ evlərinə tələbat hansı ərazilər üzrə daha yüksəkdir? Bağ evlərinin günlük və aylıq kirayə haqqı ortalama nə qədərdir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev günlük kirayə bağ evlərinin qiymətinin 800 manat və daha yuxarı məbləğədək təklif edildiyini deyib:

 

“Yay ayları yaxınlaşdıqca bağ evlərinə və turistik  bölgələrə tələbat artır. Bu da həmin bağ evlərinin kirayə qiymətini artırır. Yayda qiymətlər 2-3 dəfəyə qədər bahalaşır. Bağ evlərinin kirayə qiymətlərindəki bahalaşma sentyabr ayının əvvələrinədək davam edir. Bakıda da bağ evlərinə tələbat var, lakin insanlarımız daha çox Azərbaycanın qərb, cənub və şimal zonalarına üz tuturlar. Bununla paralel olaraq, həmin ərazilərdə təkcə bağ evlərinin kirayə qiymətləri yox, həm də torpaq qiymətləri, fərdi həyət evlərinin qiymətləri artır. Paytaxtda isə bağ evlərinin bir günlük kirayə qiyməti 50 manatdan başlayaraq 800 manata, hətta daha yüksək rəqəmlərədək dəyişir. Təbii ki, çox baha qiymətə təklif olunan bağ evlərini istirahət üçün yox, hansısa tədbirləri keçirmək üçün seçirlər”.

 

Ekspert paytaxtdakı bağ evlərinə tələbatın azalmasına səbəb kimi quru yollarının bağlı olmasını göstərib:

 

“Paytaxtda bağ evlərinin gündəlik kirayəsinə tələbat azalıb. Bunun əsas səbəbi insanların bölgələrə daha çox üz tutmasıdır. Soydaşlarımız, turistlər indi əvvəlki dövrlərdə olduğu kimi quru yolları ilə Rusiyadan Azərbaycana gələ bilmir. Bu isə paytaxt ərazisində, Abşerondakı bağ evlərinin kirayəsinə tələbatı azaldır”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR