Əhali təşvişdə: Azərbaycanda dollar satışına qadağa?
06:05 / 26.12.2015
826
Dekabrın 28-dən etibarən qonşu Rusiyada valyuta satışına müəyyən məhdudiyyətlər tətbiq ediləcək. Bu zamana qədər valyutadəyişmə məntəqələrində ancaq pasport göstərməklə əməliyyat aparmaq mümkün olurdu. İndi isə 15 min rubldan artıq dəyərdə valyuta alındığı zaman anket doldurulması tələb olunacaq. Bankın xidmətindən istifadə edən hər kəs anket doldurmaq məcburiyyətində qalacaq. Müştəri ona təqdim edilən anketdə ad-soyad, vətəndaşlıq, doğum tarixi, sənədin rekvizitləri, şəxsiyyətin təsdiqi, yaşadığı, yaxud qeydiyyat ünvanı kimi suallara cavab verməlidir. Bu məlumatları verməyən adama dollar və digər valyutaların satışı qadağan ediləcək. Maraqlıdır, valyuta satışına müəyyən məhdudiyyətlərin qoyulması Azərbaycanda da tətbiq oluna bilərmi? Qeyd edək ki, ikinci devalvasiyadan əvvəl də banklarda qeyri-rəsmi məhdudiyyətlər tətbiq olunub və bir nəfərə 2 min dollardan artıq satılmayıb. Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya deyib ki, sözügedən qaydanın Azərbaycanda tətbiqi inandırıcı deyil: “Çünki belə hadisələr baş verəndə əks-effeklərlə nəticələnir. Müstəqil ekspertlərin əksəriyyətinin də fikirləri budur ki, Mərkəzi Bankın belə bir addım atması valyuta bazarının bu şəkildə nəzarət etməsi və dolların satışına müəyyən nəzarətin gücləndirilməsi panika havasını daha da artıracaq. Həmçinin rublun daha da dəyərdən düşməsinə gətirib çıxaracaq. Rusiyada bu hadisələrin gələcəkdə baş verməsini mən də düşünürdüm. Belə qərarların verilməsi vətəndaşlara tərsinə yarğılanır və əslində ciddi problemlərin ola biləcəyi ehtimalını artırır. Azərbaycan da gələcəkdə Mərkəzi Bank belə qayda tətbiq etmək istəsə, bu, əks-effekt verəcək. Mərkəzi Bankın qarşıya dollar rezervlərini qorumaq kimi bir vəzifəyə çatmaqda problemlər yaradacaq. Bu panik havasının olması dollar sistemi, valyuta bazarı üçün çox neqativ bir haldır. Ona görə ümid edirəm ki, Mərkəzi Bank Rusiya nümunəsindən istifadə etməyəcək”. Ekspertin fikrincə, possovet məkanında Rusiyadan da sərt nümunələr var: “Məsələn, Türkmənistanda iki gün öncə artıq valyutanı talonlarla qabaqcadan hər hansı bir icra strukturlarına müraciət etməklə alınır. Əslində bu daha ağır və totalitar bir qaydadır və bazar iqtisadiyyatı ilə heç uyuşmayan bir məsələdir. Ümid edək ki, possovet məkanında baş verən neqativ nümunələrdən Azərbaycan hökuməti, Mərkəzi Bank istifadə etməyəcək. Bu təşviş havasının artmasına səbəb olacaq”. // cebhe.info
Sfera.az