Prezident Ağstafada açılışlar etdi
Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağstafa rayonuna səfəri çərçivəsində "Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində yaradılmış "Modern” mebel fabrikinin açılışında iştirak edib.
Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət göstərilir,
yeni-yeni sənaye və emal müəssisələri yaradılır. Görülən bu işlər nəticəsində
qeyri-neft sektorunun çəkisi və rolu son illərdə daha da artıb, yeni inkişaf
mərhələsinə qədəm qoymuş ölkə sənayesində ənənəvi sahələr genişlənməklə yanaşı,
digər müasir sənaye sahələri yaradılıb. Ağstafa rayonunda "Saloğlu” mebel
istehsalı müəssisəsinin nəzdində "Modern” mebel fabrikinin yaradılması bunu bir
daha təsdiqləyir.
Dövlətimizin başçısının müəyyən etdiyi sənayeləşmə siyasətinə uyğun olaraq
həyata keçirilən tədbirlər nəticəsində son dövrlərdə yeni istehsal sahələrinin
yaradılması ümumilikdə Azərbaycanın ixrac potensialına da müsbət təsir edir. Bu
cür müəssisələrin istifadəyə verilməsi, onların ən müasir avadanlıqla təchiz
edilməsi ölkəmizdə sənaye sahəsinin inkişafına əhəmiyyətli dərəcədə töhfə
verir, daxili bazarın tələbatını ödəmək baxımından müstəsna əhəmiyyət daşıyır.
Qeyri-neft sənayesinin şaxələndirilməsi, mövcud təbii və iqtisadi resursların
dövriyyəyə cəlb edilməsi istiqamətində görülən işlər həm də yüzlərlə yeni iş
yerinin açılmasına geniş imkan yaradır. Belə istehsal sahələrinin yaradılması
həm də onu göstərir ki, dünyada hökm sürən iqtisadi böhrana baxmayaraq
ölkəmizin sənaye potensialının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü
tədbirlər uğurla davam edir.
Dövlətimizin başçısı əvvəlcə "Saloğlu” mebel fabrikinin məhsullarına baxdı,
müəssisənin yeni layihələri ilə tanış oldu. Daha sonra Prezident İlham Əliyev "Modern” mebel fabrikini işə saldı.
Azərbaycan Prezidentinə yeni fabrik barədə məlumat verildi. Bildirildi ki,
fabrikin inşasına 2015-ci ilin dekabrında başlanılıb. İki hektar ərazisi olan
fabrik 7 istehsal sahəsindən ibarətdir. Ağac yonqarı lövhələrinin və
laminatların kəsilməsi və quraşdırılması, mebellər üçün metal hissələrin və
mexanizmlərin yığılması, yumşaq mebellər üçün taxta-karkasların, dəri və parça
üzlüklərin, döşəklərin, yataq və qonaq otaqları üçün mebel dəstlərinin
istehsalı sahələri ən müasir səviyyədə qurulub. Fabrik Almaniya və İtaliyanın
aparıcı şirkətlərinin avadanlıqları ilə təchiz olunub. Burada 200 nəfərin daimi
işlə təmin edilməsi nəzərdə tutulub. Müəssisənin texniki imkanları yüksək
səviyyəli məhsul istehsal etməyə imkan verir.
Fabrikin məhsulları keyfiyyəti ilə seçilir, ölkəmizdə və xaricdə böyük maraqla
qarşılanır. Bu cür müəssisənin istifadəyə verilməsi yalnız Ağstafa rayonu
deyil, ümumilikdə, regionun iqtisadi inkişafına mühüm töhfə verir. Sonra
Prezident İlham Əliyevə "Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində
yaradılacaq "Venzana” mebel fabriki barədə məlumat verildi. Bu mebel fabriki 4
istehsal sahəsindən ibarət olacaq. İstehsal ediləcək məhsulların daxili bazarla
yanaşı, Almaniyaya, Belçikaya, Fransaya, Hollandiyaya, İtaliyaya, İspaniyaya və
İsveçə ixracı nəzərdə tutulub. İşçilərin istirahəti, onların məişət şəraitinin
yaxşılaşdırılması üçün burada körpələr evi-uşaq bağçasının, əyləncə və ticarət
mərkəzlərinin inşası nəzərdə tutulub. Bundan başqa, ərazidə mebel mərkəzi ilə
yanaşı, "Yaşıl Bazar” satış kompleksi və mehmanxana da tikiləcək. Layihə üzrə
inşaat işlərinin 2017-ci ilin dekabrında başa çatdırılması nəzərdə tutulub.
Layihənin icrası nəticəsində 2500 nəfər daimi işlə təmin ediləcək. Dövlətimizin
başçısı yeni fabrikin təməlini qoydu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmçinin Ağstafa Rayon
Mədəniyyət Mərkəzində əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə
tanış olub. Azərbaycan Prezidentinə məlumat verildi ki, Ağstafa Rayon
Mədəniyyət Mərkəzinin yerləşdiyi bina 1950-ci ildə inşa edilib. Ötən müddətdə
binada əsaslı təmir işləri aparılmadığından tikili köhnəlib və qəzalı vəziyyətə
düşüb. Prezident İlham Əliyevin 2014-cü il 30 iyun tarixli Sərəncamı ilə
başlanan əsaslı təmir işləri nəticəsində bina tamamilə yenilənib. Binada
yenidənqurma və təmir işləri 2015-ci ilin dekabrında başa çatıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da "Ağstafa
Aqroservis” MMC-nin nəzdində yaradılacaq taxıl və un məmulatları istehsalı
kombinatının taxıl anbarının təməlqoyma mərasimində iştirak edib. Dövlətimizin
başçısına məlumat verildi ki, Ağstafa taxıl və un məmulatları istehsalı
kombinatının inşasına 2015-ci ilin martında başlanılıb, tikinti işlərinin başa
çatdırılması 2017-ci ilin may ayına nəzərdə tutulub. Kombinat 3 zavoddan ibarət
olacaq. Bunlar "Toxumluq taxıl emalı”, "Taxıl emalı və un istehsalı” və "Çörək
və yarımfabrikatlar istehsalı” zavodlarıdır.
Dəyirman müasir iqtisadiyyatın tələbinə uyğun olaraq yeni texnologiyalarla
təchiz ediləcək. Bu texnologiyaların tətbiqi dəyirmanda keyfiyyətli məhsul əldə
etməyə imkan verəcək. Dəyirmanın emal gücü saatda 5 tondur. Qabaqcıl
texnologiyaların tətbiqi buğdadan maksimum un əldə etməyə şərait yaradacaq.
Beləliklə, həm yüksək keyfiyyətli un məhsulları əldə ediləcək, həm də mövcud
tullantılardan səmərəli istifadə olunacaq. Bu dəyirmanın ən böyük əhəmiyyəti
ondan ibarətdir ki, emala təqdim edilmiş taxıl yuyulmayacaq. Onun
nəmləndirilməsi xüsusi texnologiya ilə həyata keçiriləcək ki, bu, həm unun
keyfiyyətli olmasına şərait yaradacaq, həm də vaxt və məhsul itkisinin
qarşısını alacaq. Emal zamanı yaranan kəpək və digər qırıntılardan yem istehsal
ediləcək.
Prezident İlham Əliyev yeni dəyirmanın təməlini qoydu.Dövlətimizin başçısı
burada hazır məhsul anbarına da baxdı. Ümumi sahəsi 5048 kvadratmetr olan
anbarda satış üçün saxlanılan bir neçə çeşiddə un, qaba yem və hazır toxumlar
barədə Prezident İlham Əliyevə məlumat verildi. Hələlik cəmiyyətin öz emal
zavodları hazır olmadığından yetişdirilmiş buğda Şəmkir rayonuna nəql olunaraq
orada emal edilir. Prezident İlham Əliyevə yerli undan hazırlanan qənnadı
məhsulları təqdim olundu. Dövlətimizin başçısına burada quraşdırılması nəzərdə
tutulan toxum istehsalı xətti barədə də məlumat verildi. Qeyd edildi ki, layihə
üzrə müəssisənin tərkibində saatda 25 ton emal gücü olan Almaniyanın "Petkus” şirkətinə
məxsus toxum istehsalı xətti qurulacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Ağstafada
"Karvan-L EKO” sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana
kompleksinin açılışında da iştirak edib. Azərbaycan Prezidentinin yerlərdə
investisiya qoyuluşunun cəlb edilməsi, sənaye zonalarının yaradılması və
əhalinin məşğulluğunun artırılması barədə tapşırığına uyğun olaraq, Ağstafada
yeni istehsal və emal müəssisələrinin tikilməsi istiqamətində zəruri və ardıcıl
işlər görülür. Bu işlər nəticəsində son illərdə rayonun sənaye potensialından
səmərəli istifadə, yeni istehsal müəssisələrinin yaradılması və iş yerlərinin
açılması istiqamətində mühüm layihələr icra olunub. "Karvan-L EKO” sənaye
parkının tikintisi də bunun əyani göstəricisidir.
Dövlətimizin başçısı müəssisələrin və istixana kompleksinin açılışını etdi.
Prezident İlham Əliyev yeni müəssisələrlə tanış oldu. Sonra dövlətimizin
başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Sonda xatirə şəkli
çəkdirildi.






