"Dəfnə" kafesində DƏHŞƏT: dostlarını ad gününə yığdı, öldürüldü - FOTOLAR

CİNAYƏT İŞİ

 

Qısa arayış...

 

2019-cu il sentyabrın 3-ü saat 14 radələrində qarnından aldığı bıçaq yarası ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən 1976-cı il təvəllüdlü Əflan İskəndərov ölüb. 

 

Dərhal polis və prokurorluq əməkdaşları hadisə ilə bağlı araşdırmalara başlayıblar. Məlum olub ki, Binəqədi rayonu hadisə 6-cı mikrorayon, Mirmahmud Kazimovski küçəsi, 112B ünvanında yerləşən "Dəfnə" çay evində baş verib. 

 

Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
 


Səhərisi gün Turxan İsmayılov rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə könüllü gələrək, təslim olub və bıçağı polis əməkdaşlarına təqdim edib.

 

 

İstintaq fotosu


Turxan İsmayılov 1992-ci ildə Gürcüstan Respublikasında anadan olub. Bakı Hərbi Məhkəməsinin 2013-cü il tarixli hökmü ilə CM-nin 182-ci (hədə-qorxu ilə tələb etmə) 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Daşkəsən rayon məhkəməsinin 2018-ci il tarixli hökmü ilə CM-nin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə 1 il müddətinə islah işləri cəzasına, Nəsimi rayon məhkəməsinin 2019-ci il tarixli hökmü ilə CM-nin 228.4-cü (qanunsuz olaraq soyuq silah əldə etmə, satma və ya gəzdirmə) maddəsi ilə 1 il müddətinə islah işləri cəzasına məhkum olunub.

 

Sfera.az bildirir ki, lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

 

İstintaqla müəyyən edilib ki, Turxan İsmayılov ov bıçağını şalvarının kəmərinə keçirərək, sentyabrın 3-ü saat 15 radələrində tanışları Anar Məmmədov,
Coşqun Əliyev və Əflan İskəndərovla birlikdə, Əflanın idarə etdiyi "Mercedes" markalı avtomobillə 6-cı mikrorayonda yerləşən "Dəfnə" çay evinə gəlib. Orda əvvəlcədən sifariş etdikləri otağa keçdikdən sonra, Əflan İskəndərovun telefonla danışarkən, nalayiq ifadələr  işlətməsini bəhanə edib, onunla mübahisə etməyə başlayıb. Əsaslı səbəb olmadan, üzərindəki bıçağı çıxarıb, İskəndərovun qarın nahiyəsinə güclü zərbə vurub və nəticədə zərərçəkmiş xəstəxanada ölüb.

 

 

İş üzrə dindirilmiş Turxan İsmayılov bildirib ki, Əflan İsgəndərovu hadisədən 1 ay əvvəl Coşqun Əliyevin vasitəsi ilə tanıyıb. Əflan Coşqunun evində usta kimi işləyib. Turxan avqustun 21-də gözünü müayinə etdirməkdən ötrü Daşkəsən rayonundan Bakıya gəlib və Coşqunun kirayə tutduğu mənzildə qalıb. Sentyabrın 3-də Əflan Coşquna zəng edərək, ad günü olduğunu və gəlib, onları kafeyə aparacağını deyib. Saat 14 radələrində İsgəndərov özünə məxsus avtomobillə gəlib, "Memar Əcəmi" metrostansiyasının yaxınlığından onları götürüb və birlikdə 6-cı mikrorayonda yerləşən "Dəfnə" çay evinə yollanıblar. Ora daxil olanda Əflanın telefonuna zəng gəlib və o, danışarkən, kiminsə ünvanına ucadan söyüş söyməyə başlayıb. Turxan yaxınlaşıb Əflana söyüş söyməməsini və ətrafdakı şəxslərə hörmətsizlik etməməsini bildirib.

 

Bu zaman İsgəndərov telefon danışığını bir anlıq saxlayaraq, üzünü çevirib, nalayiq ifadə ilə onu təhqir edib. Ona "sən məni tanımırsan? bu nə sözlərdir mənə deyirsən" söyləyəndə, aralarında qısa müddətli mübahisə olub. Turxan kəmərindən bıçağı çıxarıb, bir dəfə Əflanın qarnına zərbə vurub. Coşqunla Anar onları aralamağa çalışıblar. Əflan əli ilə qarnını sıxıb, həkim çağırmaqlarını istəyib. Yaralanan şəxsi orda qoyaraq, kafedən çıxıblar. Turxan elə həmin gün Anar və Coşqunla Şirvan şəhərinə gedib. Sentyabrın 4-də Bakıya qayıdıb. 4-cü Polis Şöbəsinə gələrək, təslim olub.

 

 

Turxan İsmayılov
 
Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş İskəndərova Gülnarə ifadəsində göstərib ki, əri Əflanla Xırdalan şəhərində kirayədə yaşayıblar. Yoldaşı 6-7 il olar ki, Bakıda fərdi qaydada qaynaqçı kimi çalışıb:

 

"Sentyabrın 3-ü Əflanın ad günü olub. Saat 14 radələrində kiminləsə telefonla danışandan sonra, hansısa tanışının onu çağırdığını dedi və evdən çıxdı. 1-2 saatdan sonra kirayə qaldığı evin sahibi mənə Əflanın bıçaqlandığını və hazırda xəsətəxanada olduğunu bildirdi. Kliniki Tibbi Mərkəzə çatanda, yoldaşımın artıq ölməsi məlum oldu".

 

 

Hadisə olan kafe
 

Şahid Cavid Nemətov bildirib ki, 2019-cu ilin may ayından "Dəfnə" çay evini icarəyə götürüb:

 

"Əflan İskəndərovla 2 il əvvəl tanış olmuşam. Sentyabrın 3-də Əflan tanımadığım 3 nəfərlə gəlib, otağa keçdilər. İçəri keçəndən o, kiminləsə telefonda danışırdı. 1-2 dəqiqədən sonra kabinetin qapısı açıldı və Əflanla birlikdə gələn 3 nəfər tələsik ordan çıxıb, getdilər.

 

Otaqdan Əflanın "ölürəm, kömək edin" deyərək, qışqırmasını eşitdim. Dərhal kabinetə daxil oldum. Tanışımın qarnından təzyiqlə qan axdığını gördüm. Əflanı otaqdan çıxardım və əski parçası gətirib, yarasının üzərinə qoydum. Obyektin qarşısında tanışımı taksiyə əyləşdirdim və sürücüdən onu xəstəxanaya aparmasını xahiş etdim. Bir neçə saatdan sonra 7-ci Polis Bölməsinin rəis müavininə zəng edib, hadisə barədə məlumat verdim. Daha sonra polis əməkdaşları hadisə yerinə gəldilər və mən çay evinin içərisində olan kamera görüntülərini onlara təqdim etdim".

 

 

Hadisənin törədildiyi bıçaq


Şahid Coşqun Əliyev ifadəsində göstərib ki, qaynaqçı işləyən Əflan İskəndərovla münasibəti yaxşı olub:

 

"Sentyabrın 3-ü saat 14 radələrində Turxan, Anar və Əflanla birlikdə çay evinə getdik. Otağa keçəndən sonra divanda əyləşdim. Turxan Əflana telefonda söyüşlə danışmamasını bildirərkən, Əflan çevrilib, onu da təhqir etdi. Bundan sonra onlar dalaşmağa başladılar. Əflan qışqırıb, əli ilə qarnını sıxdı. Əvvəl Turxanın yumruqla zərbə vurmasını düşündüm, ayağa qalxıb onları aralamağa çalışanda tanışımın əlində bıçaq gördüm. Sonra çay evindən çıxaraq, ordan uzaqlaşdıq. Anar Əflanın tanışına zəng edərək, onun çay evində bıçaqlandığını və ora tez gedib vəziyyəti ilə maraqlanmasını dedi. Həmin şəxs 1-2 saatdan sonra zəng edib Əflanın öldüyünü xəbər verəndə, əsəbimdən telefonu yerə çırparaq, sındırdım. Növbəti gün Turxan polisə təslim olacağını söyləyərək, bizdən ayrıldı. Həmin gün polislərin məni axtaracaqlarını düşündüyümdən kirayə qaldığım evə getmədim və gecəni Binəqədi rayonu ərazisində yerləşən parkda keçirdim".

 

Əflanın meyiti


Məhkəmə iclasında Turxan İsmayılov ittiham üzrə özünü qismən təqsirli bilərək, əməlindən peşman olmasını qeyd edib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Turxan İsmayılov 19 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.


OXŞAR XƏBƏRLƏR