Bu yolda da hərəkət MƏHDUDLAŞDIRILIR - DİQQƏT!
Bakı şəhəri Nəsimi rayonu, Alı Mustafayev küçəsi ilə Ceyhun Səlimov küçəsinin kəsişməsində yerləşən yolötürücüsündə (20 Yanvar dairəsindən Koroğlu metrosu istiqamətində birinci tunelin girişinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar olaraq sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Hərəkət intensivliyi nəzərə alınaraq məhdudlaşma qeyri-iş günlərində, aprel ayının 21-dən 22-nə keçən gecədən etibarən aprel ayının 23-ü saat 13:00-dək tətbiq ediləcək.
“Sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur”, - məlumatda deyilir.
Xatırladaq ki, aprelin 21-i saat 09:00-dan 16:00–dək Bakı şəhəri, Heydər Əliyev prospektinin yan yolunda da (şəhər istiqamətində ARDNŞ-nin inzibati binasının qarşısında) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.