Zəlzələ bölgəsindəki son durum necədir? - Türkiyəli millət vəkilindən açıqlama

Zəlzələ bölgəsindəki son durum necədir? - Türkiyəli millət vəkilindən açıqlama

Xəbər verdiyimiz kimi, Kahramanmaraşın Pazarcık rayonunda fevralın 5-dən 6-na keçən gecə yerli vaxtla saat 04.17-də baş verən 7.7 bal gücündə zəlzələ, daha sonra isə saat 13.24-də Elbistandakı 7.6 bal gücündə zəlzələ minlərlə insanın ölümünə və yaralanmasına səbəb olub.

 

Zəlzələ bölgəsindəki mövcud durumla bağlı Sfera.az-a danışan türkiyəli millət vəkili Atilla Sertel hələ də bəzi insanlar üçün sığınacaq çatışmazlığı olduğunu deyib. Deputat zərərçəkmişlərin yoluxucu xəstəliklərlə bağlı problem yaşayacağından narahat olduğunu ifadə edib:

 

"Yardımlar zəlzələnin üçüncü günündən göstərilməyə başlasa da, 20 gündən çoxdir ki, xeyli insan çadır gözləyir. 10 gün qaldığım zəlzələ bölgəsində gördüyüm ən mühüm çatışmazlıqlardan biri də sığınacaqdır. Çadır şəhərcikləri qurulsa da, bir çox insanımız hələ də bu imkandan məhrumdur. Digər mühüm problem isə tualetdir. Zəlzələdən zərər çəkmiş şəhərlərimizdə portativ tualetlər çatışmır. Təmiz tualet tapmaq demək olar ki, mümkün deyil. Bunun yoluxucu xəstəliklərə səbəb olacağından narahatam. Zəlzələdən sağ çıxanların çoxu müxtəlif əyalətlərə köçüb. Şəhərlər xeyli boşalsa da, orada qalanların hamısını çadırlarda yerləşdirmək mümkün olmayıb. İnsanlar ya dağıntılar altında qohumlarının meyitlərini gözlədikləri üçün, ya da dağılmış evlərindən pul, qızıl kimi qiymətli əşyalarını tapmaq üçün başqa yerlərə gedə bilmirlər.

 

Xüsusilə Hatay, Kahramanmaraş və Adıyaman əyalətlərində binaların əhəmiyyətli bir hissəsi dağılıb. Bu şəhərlərin yenidən qurulması vaxt aparacaq. Ona görə də buradakı vətəndaşlarımızın mənzil problemi tezliklə həll olunmalıdır".

 

Millət vəkili bəzi şəxslərin zəlzələdən dağılmış evlərdə qaldığını da deyib:

 

 "Çadır, konteyner ev tapanlar özlərini şanslı hiss edirlər. Onu tapa bilməyənlər hələ də öz maşınlarında və ya zəlzələdən bir qədər dağılmış birmərtəbəli evlərində yaşamağa çalışırlar. Sığınacaqlarda yaşayan insanların qida problemi həll olunub. Heç kim ac qalmır, amma bizdə hələ də açıq havada olan insanlar var. Qeyd etdiyim kimi, zəlzələdən zərər çəkmiş şəhərlərimizdən böyük köç var. Həmin bölgələrdə qalan bəzi şəxslər hələ də yaxınlarının cəsədlərinin çıxarılmasını gözləyirlər. Bəzilərinin isə heyvanları var, ona görə də şəhəri tərk edə bilmirlər. Hamı qorxu, ümidsizlik içindədir. Bir tərəfdən yaşadıqları böyük qorxunu aradan qaldırmağa çalışır, digər tərəfdən də gələcək üçün həyatlarını necə yenidən quracaqlarını düşünürlər. Müvəqqəti olsa belə, sığınacaqlarda yeni həyat uğrunda mübarizə gedir. İnsanlar çarəsizcəsinə bu vəziyyətə alışmağa çalışırlar".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR