Dünyanı gəzən “Xocalı üçün vokaliz”  – Faciədən dərhal sonra bəstələndi - VİDEO 

Dünyanı gəzən “Xocalı üçün vokaliz”  – Faciədən dərhal sonra bəstələndi - VİDEO 

Hər il dəhşətli Xocalı faciəsinin ildönümü dərin kədər hissi ilə qeyd edilir. Yüzlərlə günahsız insanın qəddarlığın və zorakılığın qurbanı olduğu həmin hadisənin baş verməsindən 31 il ötür. Xocalı soyqırımından qısa müddət sonra bu faciəyə həsr olunmuş müxtəlif janrlarda musiqi əsərləri yaradılıb.

 

Sfera.az bildirir ki, belə əsərlərdən biri də  azərbaycanlı bəstəkar Kəmalə Əlizadəyə məxsusdur.

 

O,  faciəyə həsr olunmuş “Xocalı üçün vokaliz” (Vokaliz for Khojaly) əsərini bəstələyib.  Bununla bağlı danışan bəstəkar Kəmalə Əlizadə bildirib ki, Xocalı soyqırımı baş verdikdən dərhal sonra - 13 yaşında bəstələdiyi bu kompozisiyanı xaricdəki bütün konsert proqramlarına daxil edir. O, musiqi vasitəsilə Xocalı soyqırımı həqiqətlərini tamaşaçılara çatdırmaq istəyir. “Xocalı üçün vokaliz” həmçinin, ötən il Norveçin Norheymsund kilsəsində də səsləndirilib.

 

Qeyd edək ki, Kəmalə Əlizadə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını (Arif Məlikovun sinfi) fərqlənmə ilə başa vurub. 2006-cı ildən Modena şəhərində (İtaliya) İstituto Superiore di Studi Musicali-də təhsil alıb. Beynəlxalq müsabiqələr laureatı olan bəstəkar simfonik və kamera musiqisi müəllifidir. Onun əsərləri İtaliyada, Niderlandda, Yeni Zelandiyada, ABŞ-da, Çində, Yaponiyada və başqa ölkələrdə ifa olunub. Xaricdə solo konsertlərlə çıxış edən zaman həmişə milli musiqimizi təbliğ edib. Kəmalə Əlizadə italyan bəstəkarı, gitaraçalan və musiqişünas Stefano Muskaritolo ilə evlidir. O, həyat yoldaşı ilə birlikdə bədii rəhbər və əlaqələndirici kimi həm Azərbaycanda, həm də xaricdə çoxsaylı layihələr həyata keçirib.

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR