Yuta ştatında 20 yanvar qurbanlarının xatirəsi yad edildi - FOTO

Azərbaycanın ABŞ-dakı Səfirliyinin təşəbbüsü və Yuta ştatında yaşayan Azərbaycan və türk diaspora nümayəndələrinin təşkilatçılığı və iştirakı ilə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib.
Sfera.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim 20 yanvar faciəsinin tariximizdə qəhrəmanlıq salnaməsi kimi yadda qalması, müstəqilliyimiz naminə həyatını qurban vermiş vətəndaşlarımızın xatirəsinin əbədi yaşayacağı və dünya azərbaycanlıları tərəfindən daim anılacağını qeyd etdi. Səfir 20 yanvar faciəsinə Ümumilli Lider Heydər Əliyev tərəfindən hüquqi və siyasi qiymət verildiyini, o məşum günün qurbanlarının xatirəsinin dövlət tərəfindən hər il ən yüksək səviyyədə anıldığını və şəhidlərin ailə üzvlərinə daim qayğı göstərildiyini bildirdi. X.İbrahim dünyanın müxtəlif yerlərində yaşayan Azərbaycan və türk diasporalarının birgə aktiv fəaliyyətinin əlaqələndirilməsinin, ölkəmiz və türk dünyası ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə ortaq səylərlə çatdırılmasının əhəmiyyətini vurğuladı.
Tədbirdə, həmçinin Yuta-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Əsmər Hüseynova, Yuta-Türk Amerika Assosiasiyasının rəhbəri Pınar Bayrak-Toydemir, Yuta Universitetinin professoru Hakan Yavuz və digər diaspora nümayəndələri çıxış etdilər.
Tədbirdə Səfirlik tərəfindən hazırlanmış və 20 yanvar faciəsi ilə bağlı ABŞ-da çap edilmiş məqalələrin toplusundan ibarət jurnal təqdim edildi.