“Kommunal qurumlar vahid elektron şəbəkədə birləşsin” - TƏKLİF

“Kommunal qurumlar vahid elektron şəbəkədə birləşsin” - TƏKLİF

“İllər öncə "ASAN Kommunal" yaratmaq mümkün olduğu halda buna gedilmədi. Əgər belə bir sistem qurmaq alınsa, vətəndaşlar bir şəxsi kabinet vasitəsilə onlayn formada bütün kommunal xidmətlərə nəzarət edə, sərfiyyatı izləyə, müqayisələr apara bilərdi”.

Sfera.az bildirir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib. O qeyd edib ki, proseslərin tam elektronlaşması həm də qeyri-qanuni müdaxilələri aradan qaldıra bilərdi:

 

“Bu sistemin qurulması və işləməsi üçün təbii ki, ağıllı, kənardan idarə olunan sayğaclar lazımdır. Son zamanlar “Azəriqaz” həm mexaniki sayğacların onlayn formaya keçirilməsi, eləcə də bu rejimdə işləyən ağıllı sayğaclar quraşdırılmasına diqqəti artırıb. Təəssüf ki,  kommunal sektorda "ağıllı" sayğaclar yetərli deyil. Təbii inhisar subyekti olan kommunal qurumlar bütün sayğac məsələləri, onlara avadanlıq və proqram təminatı yüklənməsi, “billing” məsələləri, məlumatların ötürülməsi və öz ofislərində emal edilməsinə, bildirişlər hazırlanmasına özləri nəzarət edirlər. Fikrimcə, təbii inhisar suyektləri üçün bu, ciddi risklər yaradır”.

 

Ekspert qeyd edib ki,  abonentləri sayğac-sərfiyyat üzrə aldadılacağı ilə bağlı narahat edən əsas  məqamları burada axtarmaq lazımdır:

 

“Bu sahədə dövlət və ictimai nəzarət imkanlarının təkmilləşdirilməsinə də ciddi ehtiyac var. Ümid edirəm, “Azəriqaz” və adı çəkilən vahid elektron  şəbəkənin qurulmasına cavabdeh olan ASAN və  Energetika Nazirliyi bu sistemi yaxın zamanda heç olmasa pilot rejimdə hazırlaya biləcəklər. Düşünürəm ki, kommunal sektorda vahid rəqəmsal platforma yaratmaqla, sayğaclara dövlət və ictimai nəzarət üçün daha effektiv, ağlabatan, şəffaf mexanizmlər qurmaqla mövcud problemləri birdəfəlik həll etmək olar”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR