Logo

Muxtar Babayev: Sumqayıt böyüyür və inkişaf edir

Muxtar Babayev: Sumqayıt böyüyür və inkişaf edir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sentyabrın 27-də Sumqayıta növbəti səfəri Sumqayıtın tarixinə ən əlamətdar və yaddaqalan səhifələrdən biri kimi yazıldı. Əvvəlcə qeyd edim ki, ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dönəmlərdə Sumqayıta doğma münasibət bəsləyərək həmişə diqqətdə saxlamış, bu şəhərdən qayğısını əsirgəməmişdir. Bu gün bu missiyanı möhtərəm Prezidentimiz İlham Əliyev böyük sevgi və rəhbər qayğıkeşliyi ilə davam etdirir.” Bu fikirləri "İki sahil” qəzetinə açıqlamasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev söylədi. Vurğuladı ki,  dövlət başçısının  Sumqayıta hər səfəri şəhər sakinlərinin yaddaşında silinməz izlər buraxmışdır: "Bununla belə qeyd etməliyəm ki, 27 sentyabr tarixli səfər digər səfərlərlə müqaisədə daha zəngin, daha əlamətdar olmuş, Sumqayıt və sumqayıtlılar üçün yeni bir mərhələnin başlanmasının göstəricisinə çevrilmişdir.”

Son dövrlərdə möhtərəm Prezidentimizin tapşırığına əsasən, Bakı ilə yanaşı, respublikamızın bütün şəhər və rayonlarında yeni parkların, istirahət guşələrinin yaradılması, mövcud olanların isə əsaslı şəkildə yenidən qurulması istiqamətində olduqca mühüm layihələr icra edilir. M.Babayev qeyd etdi ki, bu məsələyə respublikamızın ikinci böyük şəhəri olan, Bakı standartlarına uyğunlaşdırılması bir prioritet kimi qarşıya qoyulan Sumqayıtda xüsusi diqqətlə yanaşılır: "Sumqayıtın əsas girişindən başlayaraq "Göyərçin” abidəsinə qədər 5,2 kilometrlik Sülh küçəsinin yenidən qurulması, eni 14 metr olan küçənin hərəkət hissəsinin 22 metrə çatdırılması, yeni səkilərin salınması, yolun hər iki tərəfində yağış sularının axıdılması üçün suötürücülərin çəkilməsi, yol boyunca on minlərlə ağac və gül kollarının əkilməsi şəhərə daxil olanlarda ilkin təəssüratın formalaşması baxımından mühüm əhəmiyyət daşıyan bir layihə idi.”

Ümummili Liderin adını daşıyan parkın genişləndirilmiş şəkildə yenidən qurulması, yeni Heydər Əliyev Mərkəzinin tikintisi, Mərkəzin qarşısındakı meydançada Ulu Öndərin əzəmətli abidəsinin ucaldılması, elə bu parkın ərazisində yeni Uşaq İncəsənət Məktəbinin, eyni zamanda gözəl memarlıq üslubunda Şahmat Məktəbinin tikilib istifadəyə verilməsi də son bir ildə sumqayıtlılara bəxş olunan töhfələrdəndir.

M.Babayev vurğuladı ki, son bir ildə Sumqayıtda icra olunan, uşaqdan böyüyə hər bir sumqayıtlının sevincinə səbəb olan layihələrdən biri də Dənizkənarı bulvarın və şəhər çimərliyinin gözoxşayan tərtibatla yaradılmasıdır: " Xəzər dənizinin sahili boyunca 4 kilometr uzunluğunda olan bu bulvar kompleksi ümumilikdə 106 hektar ərazini əhatə edir. Bu tikililərin sumqayıtlılar üçün nə dərəcədə əhəmiyyət kəsb etdiyini Prezident İlham Əliyevin açılışlardan sonra şəhər ictimaiyyətinin nümayəndələri ilə görüş zamanı məmnunluq hissi ilə dilə gətirdiyi fikirlərdən də aydınca görmək olar: "Azərbaycan regionlarının inkişafı prioritet məsələ olaraq qalır. Bu təşəbbüsü 2004-cü ildə mən irəli sürmüşdüm və o gündən bu günə qədər bütün şəhərlər, rayonlar inkişaf edir, abadlaşır. Regional inkişaf proqramımız bizə imkan verir ki, ölkəmiz həm iqtisadi, həm coğrafi baxımdan çoxşaxəli şəkildə inkişaf etsin. Sumqayıtın bu proqramın icrasında xüsusi yeri var. Sumqayıt böyük sənaye şəhəridir. Sumqayıtın əhalisi də kifayət qədər böyükdür. Sumqayıt Bakıdan sonra Azərbaycanın ikinci şəhəridir. Sumqayıtın inkişafına daim böyük diqqət göstərilib. Əminəm ki, Sumqayıtın bugünkü vəziyyəti, bugünkü görkəmi həm şəhər sakinlərini, həm də bütün Azərbaycan xalqını sevindirir. Son illər ərzində Sumqayıtda çox böyük işlər görülüb.”

Milli Məclisin deputatı bir məqamı xüsusi qeyd etdi ki, ictimaiyyət nümayəndələri ilə görüşdə möhtərəm Prezidentimizin "Kimyaçı” Mədəniyyət sarayının təmiri ilə bağlı məsələyə münasibətindən sonra sarayın əsaslı təmiri ilə əlaqədar lazımı qüvvələr səfərbər olunmuş və işin tempi sürətləndirilib. Mədəniyyət sarayı yüksək səviyyədə təmir olunaraq kimyaçıların və şəhər sakinlərinin istifadəsinə veriləcək.

M.Babayev vurğuladı ki, bu gün ölkə başçısının rəhbərliyi ilə görülən işlər nəticəsində Sumqayıt böyüyür və inkişaf edir: "Abadlıq və quruculuq işləri bizim gözlərimiz önündə icra olunur. Əminliklə demək olar ki, Sumqayıtda bu günə qədər görülmüş və bundan sonra görüləcək işlər, həmçinin SOCAR tərəfindən "Azərikimya” İstehsalat Birliyinin yenidən qurulması, Karbamid Zavodu, "SOCAR-Polymer” və bir-birindən maraqlı və insanların sosial rifah halının yaxşılaşmasına hesablanmış digər layihələrin icrası nəticəsində Sumqayıt regionda aparıcı sənaye, ələlxüsus da kimya sənayesi mərkəzi olmaqla ekoloji cəhətdən təmiz və gözəl şəhərlərdən birinə çevriləcək.”

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR