Bu müavinəti alanların sayı sürətlə artır – SƏBƏB

Bu müavinəti alanların sayı sürətlə artır – SƏBƏB

Azərbaycan Prezidentinin bu ilin yanvarın 13-də imzaladığı Fərmanla aylıq sosial müavinətlərin məbləğində artım baş verib. Bu artımlardan 400 mindən çox insan faydalanacaq. 


Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycanda 2022-ci ilin oktyabr 1-də aylıq sosial müavinət alanların sayı 411,1 min nəfər olub.


Müavinət alanların sayı 2019-cu ilə nisbətən bir qədər (təxminən 9 min nəfər) azalsa da, 2015-ci illə müqayisədə müavinət alanların sayı təxminən 61 min nəfər artıb. 


Məlumatların təhlili göstərir ki, 2015-ci ildən sonra aylıq müavinət alanların sayındakı artım əsasən yaşa görə müavinət alanların sayındakı artımla bağlıdır. 2015-ci ildə 351 min aylıq müavinət alanın 13,8 mini, yəni 3,9 faizi yaşa görə müavinət alırdısa, son məlumata görə 411,1 min müavinət alanın 126,7 mini, yaxud 30,8 faizi yaşa görə müavinət alanlardır. 


Son 7 ildə yaşa görə müavinət alanların sayı 113 min nəfər artıb. Bu müddətdə aylıq müavinət alanların sayının bundan 52 min nəfər az artması kommunal nəqliyyat və digər xidmətlərə görə müavinətin ləğv edilməsi ilə bağlıdır. 


Yaşa görə müavinət alanların sayının sürətlə artması pensiya sistemində aparılan islahatlarla bağlıdır. Yeni qaydalara əsasən, yaşa görə pensiyaya çıxmaq üçün şəxsin ya tələb olunan minimum məbləğdə pensiya kapitalı, ya da ən azı 25 il sığorta stajı olmalıdır. Pensiya yaşına çatan şəxs iki tələbdən heç birini yerinə yetirə bilmədikdə ona yaşa görə müavinət verilir.    


Dinamika göstərir ki, hələ bir neçə il yaşa görə müavinət alanların sayı artacaq. Çünki həm əhali yaşlanır, həm də pensiya çıxmaq üçün tələblərə uyğunlaşmaq hələ bir qədər vaxt aparacaq. 


Ümumilikdə, ölkəmizdə 411 min aylıq müavinət alanların 209,9 min nəfəri (onlardan 48,2 min nəfəri 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərdir) əlilliyə görə, 126,7 min nəfəri yaşa görə, 51,1 min nəfəri ailə başçısını itirməyə görə müavinət alanlardır. Digər müavinət növlərini alanların sayı isə 23,4 min nəfərdir.


Vasif
 


OXŞAR XƏBƏRLƏR