Sərnişinlərin həyatını təhlükəyə atan sürücüləri hansı cəzalar gözləyir? - Hüquqşünasdan AÇIQLAMA

Sərnişinlərin həyatını təhlükəyə atan sürücüləri hansı cəzalar gözləyir? - Hüquqşünasdan AÇIQLAMA

Ötən gün İmişlidə marşurut avtobusunda istilik üçün qaz balonu yandıran sürücü polislər tərəfindən saxlanılıb. Onun haqqında inzibati tənbeh tədbirlərinin görüləcəyi bildirilib.

 

Maraqlıdır, həmin sürücünü nə kimi cəza gözləyə bilər? Ümumiyyətlə, sərnişinlərin həyatı üçün risk yaradan sürücülər hansı formada məsuliyyətə cəlb olunmalıdır?


Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən hüquqşünas Turan Abdullazadə ictimai nəqliyyat sektorunda yol verilən qüsurlara görə, cavabdeh şəxslərin üç min manatadək cərimə oluna biləcəyini deyib:


"Qanunvericiliyə əsasən, insanların həyat və sağlamlığını qorumaq dövlət orqanlarının əsas vəzifələrindən biridir. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar İnzibati Xətalar Məcəlləsinin 29-cu fəslində öz əksini tapıb. Sürücü istilik üçün qaz balonundan istifadə etməklə vətəndaşların həyat və sağlamlığını təhlükə altına atıb.

 

İnzibati Xətalar Məcəlləsinin 348-ci maddəsinə əsasən, nəqliyyat vasitələri ilə təhlükəli yüklərin daşınması qaydalarının pozulmasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.

 

Bundan başqa İXM-in 326-cı maddəsinə əsasən, sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının təşkil edilməməsinə görə, vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir".

 

Müsahibimiz neqativ halların yaranmaması üçün müəyyən tədbirlərin görülməli olduğunu qeyd edib:

 

"Hesab edirəm ki, sərnişin və yük daşımalarını yerinə yetirən şirkətlər avtonəqliyyat vasitələrinin texniki vəziyyətini reysqabağı yoxlamalı və belə halların baş verməməsi ilə bağlı mütəmadi öz işçilərini təlimatlandırmalıdır".

 

Əzizə Zeynal

 


OXŞAR XƏBƏRLƏR