Qarlı hava kənd təsərrüfatına necə təsir göstərəcək? - Ekspert AÇIQLADI

Qarlı hava kənd təsərrüfatına necə təsir göstərəcək? - Ekspert AÇIQLADI

Artıq bir neçə gündür ki, paytaxtda, eləcə də bölgələrdə havanın temperaturu aşağı düşüb, yağıntının miqdarı artıb. Qeyd edilir ki, ötən illərə nisbətən bu qış yağıntının miqdarının daha çox olması gözlənilir.

 

Maraqlıdır, qarlı hava kənd təsərrüfatına hansı şəkildə təsir göstərəcək?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən kənd təsərrüfatı məsələləri üzrə ekspert Cəfər İbrahimli hazırkı hava şəraitinin məhsuldarlığa müsbət təsir edəcəyini deyib:

 

"Yağıntının olması, xüsusilə qış ayları ərzində qar yağması müsbət haldır. Azərbaycanda həm bağçılıq, həm də bitkiçilikdə əsas problemlərdən biri də su ilə bağlıdır. Qar isə mərhələli şəkildə əridiyi üçün uzun müddət çaylarda su bol olur və bu, suvarma üçün müsbət şərait yaradır. Bağçılıqda da yağıntının olması, temperaturun mövsümə uyğunluğu məhsuldarlığa yaxşı təsir edir. Havaların soyuq olmaması ağacların erkən oyanmasına səbəb olur. Təcrübədə göstərir ki, bəlli bir müddətdən sonra, xüsusilə mart-aprel aylarında temperaturun kəksin aşağı düşməsi meyvəçiliyə ziyan vurur. Lakin indi qarın yağması, soyuq havanın olması kənd təsərrüfatının hər bir sahəsinə müsbət təsir edəcək".

 

Ekspert şaxta olarsa, donvurmaya görə bəzi sahələrdə müasir texnologiyaların istifadəsinin vacibliyindən də danışıb:

 

"Artıq dünyada yeni texnologiyalar var və bağçılıq təsərrüfatı ilə məşğul olanlar bu texnologiyalardan istifadə edə bilərlər. Belə ki, mövsümə uyğun olmayan havalar olarsa, kənd təsərrüfatı ilə məşğul olan şəxslər temperaturu tənzimləyə bilərlər. Bu üsulu bizdə sitrus bitkisi yetişdirən bəzi şəxslər tətbiq edirlər. Yaxşı olardı ki, böyük təsərrüfatlarda da belə texnologiyalardan istifadə edilsin".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR