"Dövlət himni ilə bağlı qanunvericilikdə çox ciddi boşluq var" - Vəkildən AÇIQLAMA

“TikTok” sosial platformasında tanınan Ləman Vəliyeva adlı istifadəçinin Azərbaycan Himninin sözlərini dəyişərək təhrif etdiyi video sosial mediada müzakirə obyektinə çevrilib.

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Vətəndaş L.V müəyyən edilərək polis orqanına dəvət edilib, onunla profilaktik icraat işi aparılıb. O, bu əməlindən səmimi peşmançılığını ifadə edərək üzrxahlıq edib, səhifələrindən paylaşımı silib", deyə bildirib. Lakin əksəriyyət düşünür ki, himnimizi təhqir etdiyinə görə şəxs cəzalandırılmalıdır. 

 

Maraqlıdır, ümumiyyətlə, qanunvericiliyimizdə dövlət himninin təhqir edilməsinə qarşı müddəa nəzərdə tutulubmu və ya bu cür maddəyə ehtiyac varmı?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə xatırladıb ki, Konstitusiyamızın 23-cü maddəsində dövlət rəmzlərimiz göstərilib:

 

“Bunlar Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir. Dövlət bayrağı və gerbinin təsviri, dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir. Çox qəribə haldır ki, bayrağımız və gerbimiz qanunvericiliklə mühafizə altına alınıb, ancaq himnimizin sözlərini dəyişərək təhqiramiz formada təhrif etməyə görə, nə Azərbaycan Respublikası Cinayət Məcəlləsində, nə də İnzibati Xətalar Məcəlləsində cəzalar nəzərdə tutulub. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 324-cü maddəsinə əsasən, dövlət bayrağı və gerbi barədə təhqiredici hərəkətlərin edilməsi 2 ilədək azadlığın məhdudlaşdırılması və ya 1 ilədək azadlıqdan mərhumetmə ilə cəzalandırılır. Çox yaxşı olardı ki, dövlət himni də qanunla müəyyən olunmuş qaydada cəzalar nəzərdə tutulmaqla mühafizə altına alınsın. Hesab edirəm ki, bu, qanunvericilikdə çox əhəmiyyətli bir boşluqdur”.

 

Müsahibimiz qeyd edib ki,  Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən, hər bir vətəndaş dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir:

 

“Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən, hər bir vətəndaş Azərbaycan Respublikasının Dövlət Himninə hörmət etməlidir. Azərbaycan Respublikasının Dövlət Himninə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də bu Qanunun 2.1-ci maddəsində göstərilən vəzifəni daşıyırlar. Həmin Qanunun 9-cu maddəsində qeyd olunub ki, bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar. Lakin hər iki məcəlləyə nəzər saldıqda dövlət himninə qarşı olan hörmətsizlin hansı məsuliyyətə səbəb olduğunu və cəzasının nə olduğunu təəsüf ki, görə bilmirik”.

 

T.Abdullazadə bildirib ki, qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının Dövlət Himninin təhrifinə yol verilmir:

 

“Eyni zamanda Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının Dövlət Himninə qarşı hörmətsizliyin nümayiş etdirilməsinin qarşısının alınması üçün beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun tədbirlər görmək Azərbaycan Respublikasının Dövlət Himni ilə bağlı dövlətin vəzifələri sırasına daxildir. Ümidvaram ki, qanunvericilikdə olan bu qeyri-müəyyənlik yaxın zamanda aiddiyyatı dövlət qurumları tərəfindən aradan qaldırılar”.

 

Qeyd edək ki, "TikTok"da canlı yayım açan Ləman Azərbaycan himninin sözlərini dəyişib və ona şərh yazan izləyicilərindən birini himni oxuya-oxuya təhqir edib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR