Azərbaycan vəkilliyi: inkişafın II fazası
"Borcunu yerinə yetirməkdən zövq alan azad yaşayır"
Mark Siseron
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ümummilli liderimiz Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan vəkilliyi müstəqil bir qurum kimi fəaliyyət göstərməyə başlamışdır. Həmin dövrdən 23 il müddət keçib. 23 ilin 18 ilini Azərbaycan vəkilliyi köhnə - sovetdən qalma ənənələrindən can qurtara bilməmişdi.
7 dekabr 2017-ci ildə Azərbaycan vəkilləri özlərinin növbəti konfransına toplaşmış və vəkilliyin inkişafı üçün mühüm addım ataraq tanınmış və peşəkar vəkil Anar Bağırovu rəhbərliyi ilə Rəyasət Heyətini formalaşdırdılar. Məhz həmin tarixi Azərbaycan vəkilliyinin inkişaf dövrünün başlanğıcı olaraq qeyd edə bilərik.
Vəkilliyin inkişafı istiqamətində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin verdiyi “Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi” haqqında Fərmanda vəkilliyə xüsusi yer verilməsi Azərbaycan vəkilliyinə inamdan irəli gələn faktor idi və bu 5 il ərzində Azərbaycan vəkilləri Vəkillər Kollegiyasının sədri Anar Bağırovun rəhbərliyi ilə inamı doğrultdular.
İnkişaf dövrünün başlanğıcı haqqında çox sözlər demək olar, çox sözlər yazmaq olar, amma hesab edirəm ki, 5 il ərzində Azərbaycan vəkilliyinin ən böyük uğurlarından biri Azərbaycan Vəkillər Kollegiyasının 29 sentyabr 2022-ci il tarixində Avropa Vəkillər Assosasiyasına üzv qəbul olunması oldu.
7 dekabr 2017-ci il Azərbaycan vəkilliyinin inkişaf dövrünün başlanğıcı, 29 sentyabr 2022-ci ilə Azərbaycan Vəkilliyinin inkişafının II fazasıdır.
Geridə qoyduğumuz 5 ildə məhkəmələr tərəfindən cinayət işləri üzrə bəraət hökm və qərarların statistikası, Azərbaycan vəkilliyinin insan hüquq və azadlıqlarının, hüquq-müdafiə fəaliyyətində yüksək keyfiyyətli hüquqi yardım göstərmələrinin xüsusi çəkisinin olması kollegiya rəhbərliyi tərəfindən aparılmış tədbirlər planının mühüm faktorlarından biridir.
30 illik işğal dövrü, eləcə də, müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə dünya hərb və siyasət tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan dövlətinə, onun vətəndaşına dəymiş mənəvi və maddi ziyanın ödənilməsi tələbi, sülh və insanlıq əleyhinə və müharibə cinayəti törətmiş şəxslərin mühakimə edilməsi Azərbaycan vəkilliyinin üzərinə yeni bir vəzifə qoyur.
Bu vəzifəni uğurla icra etmək hər bir Azərbaycan vəkili üçün dövlət və millət qarşısında borc olmaqla yanaşı, həm də zövq olacaq.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü,
Bakı şəhəri 22 saylı Vəkil Bürosunun direktoru Mehman Muradlı






