Bayram bir ailəyə neçəyə başa gələcək? (ARAŞDIRMA)
Hər kəsin müəyyən arzular və ümidlərlə gözlədiyi Yeni il gəlir. Üstəlik, bu il xəstəliklərlə mübarizə apardığımız son 2 ildən fərqlidir. COVID-19 pandemiyasının yayılmasından sonra ilk dəfədir ki, Yeni ili məhdudiyyətlər olmadan qarşılayırıq. Deyirlər, "təzə ili necə qarşılasan, elə də keçirəcəksən”. Bu baxımdan insanların əksər hissəsi bayramı öz evində, bir qismi xaricdə, digərləri isə restoranlarda keçirməyə üstünlük verir. İli bölgələrdə hotellərdə qarşılayanlar da az deyil.
Bəs Yeni il bizə minimum neçəyə başa gəlir?
Sfera.az xəbər verir ki, "Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Əvvəlcə ili öz evlərində qarşılayanlardan başlayaq. Bəzi insanlar maddi imkanına görə evdə keçirməyə məcburdur, bəziləri də büdcəsi imkan versə də, ili öz evində qarşılamağın uğur gətirdiyini düşünür. Görək evdə bayramı qeyd etmək üçün bizə minimum nə qədər pul lazımdır?
Yeni ilin simvolu şam ağacıdır. İqtisadçı ekspert Rauf Qarayev deyir ki, tək şam ağacının (bəzəksiz) qiyməti 25 manatdan başlayır, 300 manatadək artır. Ağacın ümumi bəzədilməsi üçün minimum 40 manat lazımdır. Bəzəkli şam ağacının qiyməti isə ölçülərinə görə 65 manatdan başlayır, 900 manata qədər dəyişir.
Bayram günü stolun üstündə meyvə olmazsa, olmazlardandır. Lakin meyvə qiymətləri qış fəslində əl yandırır. Mütəxəssis deyir ki, meyvələrin ən ucuzu almadır, kilosu 1 manat 50 qəpikdir: "Süfrəyə pomidor, xiyar da əlavə etsək, pomidor 1 manat 70 qəpik, xiyar 2 manat 50 qəpikdir. Kartofun kilosu 1 manat 30 qəpik, soğan 1 manatdır. Dana ətinin qiyməti 13 manatdan başlayır. Süfrəyə düzmək üçün şirələrin litri 1 manat 40 qəpikdən başlayır. Şirniyyatın isə kilosu 6 manatdan başlayır”.
Mütəxəssis 4 nəfərdən ibarət ailə üçün qiymətləri belə hesablayır:
"Meyvə tək alma ilə portağal olsa, 3 kilosuna 7 manat 50 qəpik pul verəcək. 3 kilo tərəvəz, buraya kartof, soğan, xiyar, pomidor, göy-göyərti, bibər daxildir, ümumi, 19 manat 50 qəpik edir. Dana ətinin 4 kilosu 52 manat, 3 ədəd şirə 4 manat 20 qəpikdir. 4 nəfər üçün qarışıq şirniyyat 20 manata gəlib çıxır. Tək Yeni il üçün minimum qida bazarlığı 111 manat 70 qəpikdir. Bu qiymətlərə çərəz, mayonez, smetan, yaşıl noxud, turşu qiymətləri daxil deyil. Evin bəzədilməsinə də, indiki şarların minimum qiymətini 1 manat götürsək, 10 manat xərclənir. Şam ağacının isə, orta boyunun minimum qiymətini 65 manatdan götürsək, minimum 187 manat lazımdır ki, 4 nəfərlik ailə Yeni ili keçirə bilsin”.
Mütəxəssis deyir ki, ölkədə minimum əmək haqqı 300 manatdır. Buradan vergiləri çıxsaq, 270 manata yaxın edir:
"Hesab edək ki, ana və ata işləyir və minimum əmək haqqı alır. Bu evə 540 manat gəlirsə, 187 manatı bayram bazarlığına saysaq, ailə 353 manatla ay sonunu başa vurmalıdır. Nəzərə alaq ki, ölkədə inflyasiya faizi rəsmi olaraq 23 faizə yaxındır. Yəni qiymətlər də 23 faiz, yəni 42.94 manat arta bilər. Belə olan halda 229.64 manat Yeni ili ev şəraitində keçirmək üçün vəsait lazım ola bilər”.
Təbii ki, bu, minimum qiymətdir. Etdiyin bazarlığını çeşidinə, miqdarına, açdığın süfrəyə görə qiymətlər dəyişəcək.
Bəs restoran və hotellərdə qiymət neçəyə başa gəlir?
Restoranlarda həmin gün menyular 200-250 manatdan başlayır. Ödəniləcək məbləğə şou proqram, yemək-içmək, əyləncə daxildir. Yəni 4 nəfərlik ailə üçün minimum 800 manat pul lazımdır. Daha lüks restoranlarda təbii olaraq, qiymət də artan xətlə davam edir.
Hotellərdə 31 dekabr və 1 yanvarda turlar 1600 manatdan başlayır, 2000-ə qədər davam edir. Təbii ki, bu qiymətlər standart otaqlar üçün nəzərdə tutulub. Əgər siz digər otaqlarda qalmaq, daha çox xidmətdən yararlanmaq istəyirsinizsə, 4000 manatınızdan keçməlisiniz.
Ölkədə restoranlar və hotellərdə qiymətlər kasıb təbəqənin cibinə uyğun deyil. İmkanı az olan təbəqənin ölkə daxilindəki restoranlar və hotellərdə yeni il keçirmək şansı azdır.
Bəzi insanlar deyir ki, bu pulu ölkə daxilində xərcləməkdənsə, xarici səfərə çıxar, həm səyahət edər, həm də ili fərqli ölkədə qarşılayar. Bəs görək, həmin məbləğə bayramı ölkə xaricində qeyd etmək olarmı? Ümumiyyətlə, bayram günlərində ölkə xaricinə çıxmaq neçəyə başa gələr? Yeni il turları hazırlayan turizm şirkətləri ilə danışdıq.
Avropada 5 gecəlik səyahət, əgər vaxtında alınsa, 2+1 nəfər üçün 2200 dollara (3740 manat) başa gəlir. Adalarda bu qiymətlər daha bahadır. Məsələn, Yeni ili Maldivdə qarşılamaq istəyirsinizsə 4500 (7650) - 6000 (10200) dollar arası pul xərcləməlisiniz. Dubay səyahəti isə 3000 (5100) dollara başa gəlir. Təbii ki, bu qiymətlərlə səfər etmək üçün turlar 3 ay öncədən götürülməlidir. Səyahət üçün dekabrın sonundan plan qursanız, saydığımız bütün qiymətləri 2-yə vurun. Yeni ilə qısa müddət qalmış səyahət planlamağı tur şirkətləri də məsləhət görmür.
Laplandiya Yeni ildə ən çox səyahət üçün arzulanan yerlərdəndir. Burada səyahət 6500-7000 dollardan başlayır. Parisə, Barselonaya 3500 dollardan 4500 dollara kimi qiymətlər çərçivəsində getmək olar. Yeni ildə daha çox tələbat isə Dubay və Avropayadır.
Xaricdə səyahət üçün minimum büdcə Misir üçün nəzərdə tutulub. Misirə səyahət qiymətləri 2500-3000 dollar arasıdır. Tur şirkətləri deyir ki, bu il Moskvaya gedən demək olar ki, yoxdur. Yeni ili qonşu Gürcüstandakı Bakurianidə qeyd etmək isə 2500-3000 dollara başa gəlir.
Arzunun məkanı yoxdur. Onu harada və necə qarşılamaq fərq etmir. Vacib olan ailə, yaxınlar və doğmalarla bu günü keçirib, Yeni ilə müsbət düşüncələrlə girməkdir. Harada qarşılamağınızdan asılı olmayaraq, yeni ildə bütün ümidləriniz çin, uğurlarınız bol olsun.