Logo

Yeni il duaları...

Yeni il duaları...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bizi çətin il (bəlkə də illər) gözləyir. İnsanların çətin zamanlarda çeşidli dilemmalar qarşısında qalacağı indidən bəllidir. Yaşam labirintinə, dolanışıq dolanbaclarına, çıxılmaz dalanlara düşən insanlarımıza – hamımıza bu sınaqlarda sınmamağı, bu dar günlərə darılıb özünü dara çəkməməyi (ömrünə qıymamağı), bütün zorluqlarla cavaşmağı, çətinlikləri aşmağı diləməkdən başqa əlimdən bir şey gəlmir bu anda. Atalarımız deyib: “Qara günün ömrü az olar”. Nə qara günlər yaşayıb insanımız! “Bu da gəlir, bu da keçər”. Ailələr dağılmasın, insanlar bir-birinə qarşı qəzəblə dolmasın, gənc, yaşlı – heç kim intiharı yol olaraq görməsin. Belə bir deyim var: “Hər bir çıxılmaz durumdan ən azı… iki çıxış yolu var”. Diləyim odur ki, hamılıqla hamı üçün ən doğru çıxış yolunu tapaq, ruhumuz düşməsin, qəddimiz əyilməsin, təpərimiz azalmasın, yaşamaq eşqimiz sönməsin…
 Bu duyğular içimdə yeni bir şeir olaraq şəkilləndi yenə də. Adını “Dua” qoydum. “Alqış” da demək olar. Oxuyanlar da, oxumayanlar da sağ olsun. Başlıcası yeni ildə hamı salamat olsun!
Bahəddin Həziyev     
Dua
Göz ilə qaş arasında
Ayaqla baş arasında
Baharla qış arasında 
Çaşıb qalmasın insan!
Su ilə od arasında 
Çiçəklə ot arasında
Qohumla yad arasında
Çaşıb qalmasın insan!
Düzənlə dağ arasında
Qarayla ağ rasında
Saqqalla bığ arasında
Çaşıb qalmasın insan!
Ac  ilə tox arasında,
Az ilə çox arasında
“Hə” ilə “yox” arasında,
Çaşıb qalmasın insan!
Ox ilə yay arasında, 
Yas ilə toy arasında,
Yer ilə Göy arasında,
Çaşıb qalmasın insan!
Vicdanla pul arasında,
“Öl” ilə “qal” arasında-
Bu iki yol arasında
Çaşıb qalmasın insan!
Ürəklə göz arasında,
Batinlə üz arasında,
Allahla öz arasında 
Çaşıb qalmasın insan! 
P.S. 
Neft bizi “atdan yıxanda”, 
Dollar manatı sıxanda,
Qiymətlər “zil”ə çıxanda
Çaşıb qalmasın insan.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR