“Qonaq gələcəyəm qoca Təbrizə...” - Ramiz Göyüşovdan PAYLAŞIM

“Qonaq gələcəyəm qoca Təbrizə...” - Ramiz Göyüşovdan PAYLAŞIM

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının keçmiş sədri, ictimai və siyasi xadim Ramiz Göyüşov sosial şəbəkə hesabında Səməd Vurğunun şeirini paylaşıb.

 

Sfera.az xəbər verir ki, 1935-ci ilin dekabrın 13-də yazılan şeir "Təbriz gözəlinə" adlanır. Şeirdə Cənubi Azərbaycan sevgisi və həsrəti ifadə edilir.

 

Həmin şeiri təqdim edirik:

 

Təbriz gözəlinə

 

Çox da fikir vermə danışıqlara, 

Bilirəm, ürəyin mənə bağlıdır... 

Nədir o başına örtdüyün qara? 

Bizim ki, eşqimiz bir el nağlıdır...

 

Bilirəm, ən şirin röyalarda sən 

Deyirsən: "Sevgilim gəlirmi ola?" 

Xəyalım əyilir, öpür əlindən; 

Güllü yaylığınla çıxırsan yola...

 

Nədir bu həsrətin adı, ünvanı? 

Baisin evində işıq yanmasın! 

Ah, Araz, ah, Araz, vədimiz hanı? 

Bir ürək ikiyə parçalanmasın!..

 

Ayırdı bir vurğu əzəldən bizi... 

Parladı şahların qan rəngli tacı, 

Sıxlaşan bir duman aldı Təbrizi; 

Fələk bəxtimizə baxdı qıyqacı...

 

Anan vərəmlədi yoxsul yuvada, 

Soyuq bir məzarı əlinlə qazdın; 

Baban öküzüylə öldü tarlada, 

Bütün bir tarixi sinənə yazdın...

 

Mən də bu yolları keçmişəm, sonam! 

Mənim də ən dərdli bir keçmişim var. 

Təbibsiz, davasız can verdi anam, 

Yaslı köynəyini geyindi dağlar.

 

Demək ki, dərdimiz-sərimiz birdir, 

Həyatın qızıdır məhəbbətimiz... 

Gəl duraq diz-dizə, günləri bir-bir 

Sayıb, hesablayaq yaşımızı biz.

 

Axşam sularının zümzüməsidir, 

Mənim telli sazım, səninsə tarın; 

Yazıq bir ananın hicran səsidir 

Mənim zil şikəstəm, sənin qatarın.

 

Olub keçənlərə gəl qələm çəkək, 

Dünən bu gün üçün bir yadigardır 

Bilirəm, sevgilim, bilirəm gerçək, 

Sizdə qış günüdür, bizdə bahardır...

 

Odur, bax o qıza, bax o gəlinə, 

Baxdıqca qaynayır insanın qanı; 

Azadlıq bayrağın alıb əlinə, 

Günəş salamlayır Azərbaycanı.

 

Bir yeni rəng alır Mil də, Muğan da 

Bu bayram günündə, bayram ilində. 

Alim də, şair də, dağda çoban da 

Deyir mahnısını ana dilində.

 

Gülür dodaqlarda yeni bir zəfər, 

Zəfərdən-zəfərə qüvvət alalı. 

Güdür gözü kimi har qızıl əsgər 

Qanla qazanılan bir istiqlalı.

 

Sevənlər az deyil bizim Vətəni, 

Günəşə gözlərim açiq gedirəm. 

Böyük bir ölkənin adından səni 

Bu bayram günunə dəvət edirəm.

 

Gözlərin dolmasın!.. Dayan bir az da! 

Qəlbin də, sevgin də, dərdin də haqdır... 

Azadlıq bayrağı güllü bir yazda 

Təbrizin üstündə parlayacaqdır!

 

O bayram gününə inanıram mən, 

Araz yol verəcək üstündən bizə. 

Pioner oğlumun tutub əlindən, 

Qonaq gələcəyəm qoca Təbrizə!

 

Orxan


OXŞAR XƏBƏRLƏR

Ərdoğan: “Qardaşım İlham Əliyev Suriyaya təbii qazla bağlı “hər cür dəstəyi verməyə hazıram” dedi”

Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərba...

Ölkədəki psixi xəstələrin sayı AÇIQLANDI

Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2024-cü ildə psixi və davranış pozuntuları olan xəstələrin (psixoaktiv maddələrin qəbulu ilə bağlı pozuntular istisna...

Prezident sərəncam imzaladı

Azərbaycan Elmlər Akademiyasının təşkilatçılarından biri, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək. ...

Pensiyaçılarla bağlı vacib AÇIQLAMA

Əmək fəaliyyətini illərlə davam etdirib, nəhayət pensiyaya çıxan insanların həyatında yeni bir mərhələ başlayır. Lakin bu mərhələ Azərbaycanda bir çoxları üçün ...

Ərdoğandan Rusiya-Azərbaycan gərginliyi ilə bağlı AÇIQLAMA

"Türkiyənin Azərbaycan və Rusiya ilə dərin diplomatik və strateji əlaqələri var. Biz gərginliyi yaxından izləyirik və tərəfləri təmkinli olmağa çağırırıq&q...

Ərdoğan Xankəndidə Əliyevə nə deyib? - AÇIQLAMA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə iyulun 4-də Xankəndidə baş tutan görüşdə deyib ki, Türkiyə hər zaman və hər bir m...