Yeni il günlərində Bakı otellərində istirahət neçəyə başa gələcək? – QİYMƏTLƏR
Yeni ilə sayılı günlər qalıb. Bayramı Azərbaycanda keçirmək istəyən vətəndaşlar, o cümlədən turistlər isə daha çox otellərə üz tuturlar.
Sfera.az paytaxtda yerləşən bir sıra otellərin 30 dekabr -1 yanvar tarixləri arasındakı qiymətlərini araşdırıb. Məlum olub ki, bu il Yeni il şənliyi təşkil olunan otellərin böyük əksəriyyətində yerlər indidən bron edilib. İki gecəlik qonaqlama üçün Bakının mərkəzində yerləşən otellərin qiyməti 200 manatdan başlayır.
Porto Hotel Baku - Heydər Əliyev Mədəniyyət Mərkəzindən 2 km məsafədə yerləşən otel restoranı, pulsuz şəxsi parkinqi, barı və ümumi salonu ilə qonaqlama təklif edir. Burada ailə otaqları və günəş terası var. 24 saatlıq resepsiyonu olan otelin otaq və valyuta mübadiləsi xidməti də mövcuddur. “Porto Hotel Baku”nun bəzi otaqları bağ mənzərəlidir. Oteldə dekabrın 30, 31-i və yanvarın 1-i tarixlərinə iki nəfərlik yerin qiyməti isə 200 manatdır. Söhbət ekonom paketdən gedir və buraya səhər yeməyi də daxildir. Standart tək nəfərlik yataqlı otaq üçün qiymət isə 180 manatdır. Bu otaq iki nəfər üçün nəzərdə tutulanda 220 manata təklif olunur.
Sweet Garden Hotel - Şirvanşahlar Sarayından 400 metr məsafədə yerləşən otelin bağ mənzərəsi, bağçası və terrası var. Bu 3 ulduzlu otel otaq və konsyerj xidməti təklif edir. Qonaqlar 24 saat işləyən resepsiyondan, ortaq mətbəxdən və valyuta dəyişmə xidmətindən istifadə edə bilərlər. Standart iki nəfərlik yatağı olan otaq üçün qiymət 288 manat təşkil edir və buraya səhər yeməyi daxil deyil.
JW Marriott Absheron Baku Hotel - 5 ulduzlu otel şəhərin mərkəzində “Azadlıq” meydanında yerləşir, Bakının əsas ticarət, əyləncə və biznes mərkəzlərinə piyada 5 dəqiqəlik məsafədədir. “JW Marriott Absheron Baku Hotel”də sauna və 24 saat fəaliyyət göstərən idman zalı var. Otelin Xəzər dənizinə panoramik mənzərəsi olan qapalı hovuzu da mövcuddur. 30 dekbar-1 yanvar tarixlərində 2 nəfərlik çarpayılı “deluxe” otaq üçün qiymət 850 manatdır. Səhər yeməyi üçün isə əlavə 38 manat ödəniş edilməlidir. Qeyd edək ki, bu otaqlar üçün nəzərdə tutulmuş rezervasiya ləğv edilərsə, ödənilən məbləğ geri qaytarılmır. Lakin qiymət 850 deyil, 1062 manat olacağı təqdirdə, ödəniş geri qaytarıla bilir. Səhər yeməyi daxil otaq qiyməti isə 2 nəfər üçün 1213 manat təşkil edir. Otelin “Executive Premier King” otağı üçün sözügedən tarixlərdə qiymət isə səhər yeməyi daxil, 2 nəfər üçün 1829 manatdır. Şəhər mənzərəli ailə otağı üçün qiymət 2336 manat təşkil edir. Yəni qiymətlər otaqlardan asılı olaraq dəyişir.
Holiday Inn Baku - Qız qalasından 1,5 km məsafədə yerləşən otel sauna, o cümlədən qapalı hovuzu olan spa və sağlamlıq mərkəzini təklif edir. Bakı Bulvarı, Hökumət Evi və böyük ticarət mərkəzləri piyada məsafədədir. Qeyd etdiyimiz tarixlərdə 2 nəfər üçün standart otaqların qiyməti 374 manatdır. Lakin səhər yeməyinə görə əlavə 23,60 manat ödəniş edilməlidir. Səhər yeməyi və geri ödəniş daxil olduğu halda isə qiymət 502 manat olur. Dəniz mənzərəli otaqlar üçün qiymətlər bir qədər fərqlidir. Belə ki, səhər yeməyi olmadan 2 nəfər üçün otağın dəyəri 401 manat təşkil edir.
Hyatt Regency Baku - Bakının tarixi hissəsində yerləşən bu 5 ulduzlu oteldə isti vannaları olan açıq və qapalı hovuzlar var. Heydər Əliyev Beynəlxalq Aeroportu oteldən maşınla 20 dəqiqəlik məsafədədir. 2 nəfər üçün 2 gecəlik qiymət isə 448 manatdır. Səhər yeməyi üçün əlavə 29, 5 manat ödəniş tələb olunur. Mənzərəli kral dairəsi üçün səhər yeməyi daxil qiymət 743 manat müəyyən olunub. “Regency King” otaqları üçün qiymət 1156 manatdır. Bu məbləğ iki nəfər üçün nəzərdə tutulub. Səhər yeməyi daxil olarsa, rəqəm 1345 olaraq dəyişir.”Regency Executive” otağı üçün isə qiymət 2690 manatdır. (2 nəfərlik)
Hilton Baku - İçərişəhərdən piyada 8 dəqiqəlik məsafədə dəniz kənarında yerləşən otelin damında fırlanan bar, hovuz və idman zalı var. Oteldə kral otaqda 2 nəfər üçün qiymət 731 manatdır. Səhər yeməyinə əlavə 32 manat tələb olunur. Lakin geri ödəniş və səhər yeməyi daxil olarsa, qiymət 949 manat olaraq dəyişir. Dəniz mənzərəli kral otaqları üçün səhər yeməyi daxil 1093 manat tələb olunur. Burada ailə otaqlarında 2 nəfər üçün qiymət 1159 manatdır (geri ödəniş və səhər yeməyi daxil).
Fairmont Baku, Flame Towers - Alov Qüllələri Kompleksində, Şəhidlər küçəsinə piyada 3 dəqiqəlik məsafədə yerləşir. Otel müasir dekorasiyalı otaqlar, kondisioner və düz ekran TV təklif edir. Bütün otaqlarda həmçinin böyük iş masası, tam təchiz olunmuş minibar və panoramik pəncərələr var. Şəhər mənzərəli kral otaqlar üçün qiymət (2 nəfər) 839 manatdır. Buraya səhər yeməyi daxil deyil və geri ödəniş nəzərdə tutulmayıb. Dəniz mənzərəli “Deluxe King” otaq üçün qiymət isə səhər yeməyi daxil 1321 manat təşkil edir. Digər oxşar otaqlar üçün 3000 manata qədər qiymətlər nəzərdə tutulub.
Four Seasons Hotel Baku – Dənizə və şəhərə mənzərəsi olan bu 5 ulduzlu oteldə restoran üçün oturma sahəsi, bar və qapalı hovuz var. Otaqlar kondisionerlidir. Otelin üst mərtəbəsində yerləşən spa müxtəlif gözəllik prosedurları, saunalar və masajlar təklif edir. Qonaqlar həmçinin hovuzda üzə və ya fitnes mərkəzində məşq edə bilərlər. İki yataqlı otaqların qiyməti qeyd etdiyimiz tarixlərdə 2342 manat təşkil edir. Səhər yeməyi üçün əlavə ödəniş isə 55 manatdır. Otelin “premier king” otağı üçün qiymətlər isə fərqlidir. Belə ki, geri ödəniş daxil olduğu halda qiymət 3339 manat olur. “Promenede” otağında 2 nəfər üçün 2 gecəlik qiymət 5758 manatdır. Panoramik iki otaqlı süit üçün qiymət isə (2 əlavə böyük iki nəfərlik çarpayı daxil) 9676 manat təşkil edir. Bu qiymətə səhər yeməyi daxil olmasa da, geri ödəniş nəzərdə tutulur. Oteldə “Presidental suit” otağından Yeni il tarixləri üçün sadəcə bir ədəd qalıb və qiymət 2 nəfər üçün 28 min 320 manatdır.
Qeyd edək ki, rəqəmlər bu günə olan qiymətlərdir və növbəti günlərdə bu, dəyişə bilər.
Günay Rəsulqızı