Cəmiyyətdə aqressiyanın qarşısını almaq üçün nə etməliyik? – ŞƏRH
Bir müddət bundan əvvəl Bakıda idman yarışında bir gəncin digər gənci bıçaqlayaraq qətlə yetirməsi cəmiyyətdə böyük əks-səda doğurub. Eyni zamanda son günlər oxşar hadisələrin baş verməsi fonunda, bu gün insanları ən çox narahat edən məsələlərdən biri cəmiyyətdə getdikcə artan aqressiya və şiddət olub.
Bəs belə halların təkrarlanmaması üçün nə edilməlidir? Gənclərin aqressiv davranışlarının qarşısının alınması üçün hansı addımlar atılmalıdır?
Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən deputat Ceyhun Məmmədov deyib ki, ölkəmizdə geniş maarifləndirmə və təbliğat işlərinə ciddi ehtiyac var:
“Təəssüf ki, bəzən kinolarımızda və bir sıra musiqi janrlarında gənclərə belə həyat tərzi təbliğ olunur. Bu da birmənalı olaraq gənclərimizin tərbiyəsinə ciddi təsir göstərir. Əgər belə halların baş verməsini istəmiriksə, gənclərə aqressiya, gücə meyil yox, insanlara sevgi və mərhəmət hissləri aşılanmalıdır. Bu məsələdə ailə, bağça, məktəb və idman müəssisələrimizin üzərinə böyük məsuliyyət düşür”.
Millət vəkilinin fikrincə, orta və ali məktəblərimizdə təhsillə yanaşı, tərbiyə işinə də xüsusi önəm verilməlidir: “Bütün bu qurumlar layiqli, məsuliyyətli və mərhəmətli vətəndaş yetişdirilməsi prosesinə öz töhfələrini verməlidirlər. Burada müəllimlərimizin də üzərinə ciddi vəzifələr düşür. Onlar da öz fəaliyyətlərində tərbiyə işinə xüsusi həssaslıqla yanaşmalıdırlar. Cəmiyyətləri uçuruma aparan laqeyd və biganəlikdir. Əgər tərbiyə, təbliğat və maarifləndirmə işi bu istiqamətdə qurulmasa, gələcəkdə belə hallarla daha tez-tez rastlaşacağıq. Odur ki, cəmiyyətin hər bir üzvü bu kimi məsələlərə çox həssas yanaşmalıdır”.
Türkan
Sfera.az