Şəkil çəkdirmək üçün gələnlər, sevincli satıcılar... - "Soyuq əllər, isti ürək"dən REPORTAJ 

Şəkil çəkdirmək üçün gələnlər, sevincli satıcılar... -

Hər il ənənəvi qaydada təşkil olunan “Soyuq əllər, isti ürək” yarmarkası ötən gün fəaliyyətə başlayıb. 

 

Sfera.az xəbər verir ki, yarmarka Bakıda, Fəvvarələr meydanında təşkil olunub. Burada ev şəklində 44 kiçik otaq qurulub və sahibkarlar, satıcılar öz məhsullarının satışını əsasən bu evlərdə həyata keçirirlər. Bundan başqa açıq havada satış keçirənlər də az deyil. “Nargis” Fondu tərəfindən təşkil olunan yarmarkadan  toplanılan vəsait xeyriyyə məqsədilə xərclənir.

 

 

Sözügedən məkandan reportajı təqdim edirik:

 

Yarmarkada sorğu keçirmək üçün bu gün günorta saatlarında ora yollansaq da, iş saatının olmasına rəğmən burada qonaqların sayı çox idi. Yəni ümumi mənzərə deməyə imkan verirdi ki, bura maraq böyükdür.


Burada şirniyyat məhsulları satan Orxan saytımıza açıqlamasında bildirdi ki, kiçik sahibkar olaraq məhsullarını yarmarkada satmaq ona sərf edir. Məhsullarının alıcıları isə əsasən turistlərdir: 


“Daha çox keks, dondurma formasında soyuq olmayan şirniyyatlar satıram.  Qiymətlər 2 manatdan 5 manata qədər dəyişə bilir. Satış hələ ki, pis deyil, daha çox maraq “cake pop”laradır. Alıcılar arasında daha çox hindistanlılar və ruslar olur”.

 

Yarmarkada ətir satışı ilə məşğul olan Qumru Əliyeva isə bildirdi ki, insanların ətirlərə marağı çoxdur, qiymətlər də münasib olduğundan satış çox olur:

 

 

“Satışdan çox razıyıq, müştərilərimiz olur. Alıcılar arasında azərbaycanlılar da var, ərəblər də. Ətirlərimizin 1 qramının qiyməti 50 qəpikdən başlayır. 50 ml ətirlərimiz də var və onlar 10-15 manata satılır”. 

 

Yarmarkada müxtəlif çeşiddə paxlava satışı edən Nərmin Ələsgərova insanların daha çox südlü paxlavaya üstünlük verdiyini dedi:


“Bizdə satışda türk şirniyyatları da var, yerli şirniyyatlar da. Qiymətlər ümumi olaraq 22 manatdan başlayır. Qozlu paxlavalarımızın bir kiloqramının qiyməti 25 manat, fıstıqlı paxlavaların 1 kq-nın qiyməti 39 manatdır. Bu qiymətlər standart deyil, dəyişkəndir. Bəzən müştərilər qiymətlərin baha olduğunu deyir, amma onlara məhsulların keyfiyyət və təmizliyini izah edəndə təqdim etdiyimiz rəqəmlərin düzgün olduğuna haqq verirlər. Festival olduğu üçün daha çox alıcılarımız turistlərdir, xüsusilə ərəblər paxlavaya maraq göstərirlər. Ən çox satılan məhsulumuz isə südlü paxlavalardır”. 

 

Nə endirim var, nə bahalaşma...

 

Yarmarkada ilk dəfə satıcı kimi çalışan Yusif Fərmanın sözlərinə görə, satdığı məhsulların qiymətində yarmarkadan öncəki dönəmlə müqayisədə heç bir fərq yoxdur. Yəni nə endirim var, nə də bahalaşma: 

 

“Biz burada iştirak hüququnu bu il qazana bildik, sevincimizin həddi-hüdudu yoxdur. Yeni ilə, məktəbə aid bütün ləvazimatlarımız var. Hazırda daha çox yeni ilin gəlişi ilə əlaqədar olaraq bayram aksessuarları alırlar. Qiymətlərimiz mağazalarda olan qiymətlərlə eynidir. Minimum rəqəm yeni il fincanları üçündür – onlar 6,95 AZN-ə satılır”.


Qarğıdalı satışı ilə məşğul olan Sahil adlı gənc digər ərzaqlara nisbətdə satdığı məhsullara böyük maraq olduğunu dedi:


“Havalar soyuq olduğu üçün insanlar isti qidalara üstünlük verirlər. Məhsullarımızın qiyməti 3-5 manat arasında dəyişir. Burada qonaqlar arasında turistlər çoxdur, ona görə də alıcılarımızın içində də turistlər üstünlük təşkil edir”. 

 

Qeyd edək ki, yarmarkanın keçirildiyi ərazidə böyük şam ağacı bəzədilib, onun qarşısında isə Şaxta baba və Qar qız var. Buna görə də insanlar adətən ora daha çox toplaşır. Şaxta baba ilə şəkil çəkdirmək isə pulsuzdur.

 

 

  
Ümumi mənzərə ilə bağlı bura gələn qonaqların da fikrini öyrənməyə çalışdıq. Müsahiblərimizin sözlərindən belə nəticə çıxarmaq olar ki, yarmarkada qiymətlər münasibdir və mühit qaneedicidir.


Yarmarkaya baş çəkmək üçün gələn I kurs tələbəsi Atlaz Hacıyeva burada birinci dəfə olduğunu bildirib, insanları burada zaman keçirməyə dəvət etdi:

 

 “Tələbəlik illəri təzə başladığı üçün ilk dəfədir bu yarmarkada oluram. Satıcılar çox mehribandır, ümumi aura çox yaxşıdır. İnsanlara məsləhət görərdim ki, zaman ayırıb yarmarkaya gəlsinlər. Məhsulların qiyməti isə məncə, hər kəsin büdcəsinə uyğundur”. 

 


 
 

Qonaqlar arasında Rusiyadan gələn soydaşlarımıza da rast gəldik. Qurban adlı soydaşımız bildirdi ki, buradakı mühit ona zövq verib:

 

"Rusiyada yaşayıram, Bakıda qonağam. Yarmarkanın mühiti əladır, qiymətlər də uyğundur. Bundan əvvəl yarmarkada olmamışam, ilk dəfədir burada oluram”. 

 

"Heç nə almıram, gəzmək və foto üçün gəlirik..." 

 

Paytaxt sakini Günay xanım deyir ki, yarmarkaya daha çox gəzinti və foto üçün gəlir:

 

“Yarmarkadan indiyədək heç nə almamışam, çünki ayaqüstü yeməyi-içməyi sevmirəm. Amma mühit xoş olduğu üçün gəlib gəzirik, foto üçün yaxşı yerlər də var”.

 


Qeyd edək ki, yarmarkada təqdim olunan qida məhsulları arasında şabalıdın 120 qramı 4 AZN, kiçik plastik stəkanda çay 1.50 AZN, kofe 4-6 AZN, pankek 6.90 AZN, şaurma 4.90 AZN, kartof (free) 2,20-4AZN, qazlı içkilər 1,90-2,70 AZN, su 1 AZN, ayran 2 AZN, toyuq qanadları isə 6 AZN-ə satılmaqdadır.  
Məlumat üçün bildirək ki, yarmarka yanvarın 1-dək davam edəcək.

 

Müxbir: Əzizə Zeynal
Fotolar: Anar Bayramlı 


OXŞAR XƏBƏRLƏR