Deputat erkən nikahlara qarşı bu mübarizə metodlarını TƏKLİF ETDİ
“Erkən nikahların qarşısının alınması üçün ailələrlə danışıqlar aparılmalı, maarifləndirmə həyata keçirilməlidir".
Bunu Sfera.az-a açıqlamasında millət vəkili Vüqar İskəndərov bildirib. Deputat erkən nikahları Şərq xalqlarının yaşadığı ən böyük problemlərdən biri kimi dəyərləndirib:
“Dövlət orqanları, QHT-lər, icmalar bu sahədə birgə çalışmalıdır. Qanunvericiliyə görə, 18 yaşdan aşağı şəxslərin nikaha girməsi qadağandır. Düzdür, burada 17 yaşla bağlı istisna var, amma mən o istisna məsələsinin olmasını istəməzdim. Çünki bəzi bölgələrdə həmin istisnalardan istifadə etmək üçün icra hakimiyyəti orqanlarında az qala növbə yaranır. Mən xüsusilə qızların təhsil almasını, sənət sahibi olmasının tərəfdarıyam. Təbii ki, bunun üçün də müəyyən yaşa çatmaq lazımdır. Savadlı ana təhsilli, vətənpərvər övlad deməkdir”.
V.İskəndərov ucqar kəndlərdə bələdiyyə orqanı nümayəndələrinin xüsusilə təşəbbüs göstərməli olduğunu qeyd edib:
"Əsasən, ucqar kəndlərdə kənd bələdiyyələri bu sistem üzərində işləmələdir. Bələdiyyələr, yerli icra nümayəndələri erkən yaşda toy etmək riski olan ailələrə qarşı tədbir görməlidir. Dövlət orqanları ilə bərabər vətəndaş cəmiyyətləri də bu sahədə aktiv fəaliyyət göstərirlər. Cəmiyyətin sağlam inkişafı üçün bu problemin qarşısı alınmalıdır. Düzdür, ötən illərlə müqayisədə bu sahədə irəliləyiş var, lakin yenə də problemlər çoxdur. Düşünürəm ki, sözügedən istiqamətdə günün tələbləri üzrə işimizi qurmalıyıq”.
Əzizə Zeynal